Xəbərlər

Uşaqlar üçün modern üslubda ilk tamaşa səhnələşdiriləcək

Azərbaycan İncəsənət Məktəbinin, Bakı Teatr Mərkəzinin və “Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyinin (UYD) təşkilatçılığı ilə mayın 8-də Şuşa Dövlət Musiqili Dram Teatrında modern üslubda olan “Dəcəl Keçi” uşaq tamaşası nümayiş olunacaq.

 

AZƏRTAC xəbər verir ki, tamaşa Azərbaycan İncəsənət Məktəbinin azyaşlı aktyor tələbələrinin iştirakı ilə səhnələşdirilir. Tamaşaya qoyulan əsərin müəllifi gənc yazıçı Pərvin Nurəliyeva, quruluşçu rejissoru isə Racu Şıxlıdır.

 

UYD-nin sədri Fərhad Abdulov bildirib ki, uşaq və gənclərin yaradıcı bacarıqlarının üzə çıxarılması və inkişaf etdirilməsi İctimai Birliyin əsas vəzifələri sırasındadır. Teatr tamaşalarının səhnələşdirilməsi uşaqlar arasında əməkdaşlıq və səmərəli ünsiyyət qurmaq bacarıqlarının formalaşmasına, tənqidi və yaradıcı təfəkkürün inkişaf etdirilməsinə də öz töhfəsini vermiş olur. Bu səbəbdən bu kimi təşəbbüslərin dəstəklənməsi hər zaman İctimai Birliyin maraq dairəsində xüsusi yer alır.

 

Qeyd edək ki, bu tamaşa ilə yanaşı, Azərbaycan İncəsənət Məktəbi tərəfindən gənc rejissor Fərid Bağırovun quruluşu ilə N.V.Qoqolun əsərləri əsasında hazırlanan monotamaşaların da yaxın günlərdə nümayişi nəzərdə tutulur.