Görkəmli şəxsiyyətlər

Mehdi Hüseynzadə

Azərbaycan xalqının tarixi qəhrəmanlıq səhifələrində əbədi yer tutan vətənpərvər insanlardan biri də Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadədir. M.Hüseynzadə 1918-ci il dekabrın 22-də Bakının Novxanı kəndində anadan olmuşdur. 1936-cı ildə Azərbaycan Rəssamlıq Məktəbini bitirmiş, Leninqrad (indiki Sankt-Peterburq) Xarici Dillər İnstitutunda və Bakıda — indiki Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil almışdır.


1941-ci ildə orduya çağırılmış, 1942-ci ildə Tbilisidə piyada hərbi məktəbini qurtarmışdır. Həmin ilin iyulunda Stalinqrad ətrafında gedən döyüşlərdə iştirak etmiş, avqustda Kalaç şəhəri yaxınlığında ağır yaralanaraq əsir düşmüşdür. Ukrayna, Polşa, İtaliya və keçmiş Yuqoslaviyanın hərbi əsir düşərgələrində olmuşdur.


M.Hüseynzadə 1944-cü ilin əvvəllərində bir qrup yoldaşı ilə əsirlikdən qaçmış və Yuqoslaviya partizanlarına qoşulmuşdur. Partizan hərəkatının lideri, «Mixaylo» təxəllüsü ilə tanınan Mehdi hitlerçilərə qarşı mübarizədə cəsurluğu ilə əfsanəvi şöhrət qazanmışdır. Məlumatların toplanmasında, düşmən qərargahlarının, körpülərin, hərbi eşelonların, döyüş sursatı anbarlarının partladılmasında, hərbi əsirlərin azad edilməsində fəal iştirak etmişdir.

1944-cü ilin payızında M.Hüseynzadənin başçılığı ilə bir qrup partizanın İtaliyanın Udine şəhərindəki faşist həbsxanasına hücumu nəticəsində 700 hərbi əsir, o cümlədən 147 sovet əsgər və zabiti azad edilmişdir. Mehdi keçmiş Yuqoslaviya Xalq Azadlıq Ordusu 31-ci diviziyasının qərargahı yanında xüsusi kəşfiyyat qrupu yaratmış və onun başçısı olmuşdur. Faşistlər «Mixaylo»nu ələ keçirən, yaxud öldürən adama 400 min lirə mükafat təyin etmişdilər. Növbəti tapşırığı yerinə yetirib geri qayıdarkən faşistlərlə üz-üzə gəlmiş əfsanəvi qəhrəman qeyri-bərabər döyüşdə xeyli düşmən məhv etmiş və ələ keçməmək üçün son gülləsini özünə vurmuşdur. Əvvəl Vitovle, sonra isə Çepovani kəndində dəfn olunmuşdur.


Mehdi uşaqlıqdan qeyri-adi istedadı ilə çoxlarını heyran edirdi. O, bacarıqlı üzgüçü, istedadlı rəssam idi. Mehdinin təhsil aldığı 19 nömrəli məktəbin direktoru yazıçı S.S.Axundov, ilk müəllimi isə məşhur bəstəkar S.Rüstəmov olmuşdur. Onda vətənə, xalqa, torpağa, millətə dərin sevgi hisslərini məhz bu böyük şəxsiyyətlər formalaşdırmışlar.


Bu gün məşhur azərbaycanlı qəhrəmanın adını daşıyan məktəb fəaliyyət göstərir, bundan başqa, qəsəbə, küçə və bir gəmi onun adınadır. 1973-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Qələbə meydanında unudulmaz qəhrəmanın heykəli qoyulmuş, haqqında kitablar, o cümlədən tanınmış yazıçılar H.Seyidbəyli və İ.Qasımov onun qəhrəmanlıqlarını əks etdirən «Uzaq sahillərdə» povestini yazmış və 1957-ci ildə eyni adlı film çəkilmişdir.


Kinorejissor Tahir Əliyev Sloveniyada olmuş, Mehdinin sevdiyi qızla və 10 nəfər sloveniyalı döyüş yoldaşı ilə görüşmüş, birlikdə qəhrəmanın məzarını ziyarət etmişlər. Rejissor bu görüşün nəticəsi olaraq «Mixaylo» sənədli filmini çəkmişdir. T.Əliyev Mehdinin azərbaycanlı partizan yoldaşları Cavad Həkiminin, Cabbar Quliyevin, Mirdamət Seyidovun, Mikayıl Qulubəyovun və digərlərinin Sloveniyada ehtiramla xatırlandığını bildirmişdir. Nəzərə çatdıraq ki, onların hamısı dünyalarını dəyişmişlər.


2006-cı ildə Prezident İlham Əliyevin Sloveniyaya rəsmi səfəri zamanı razılaşdırılmaya əsasən 2007-ci ildə M.Hüseynzadənin abidəsi açılmışdır.