Görkəmli şəxsiyyətlər

Musa Yaqub

Yaqubov Müsavat Səfiməmməd oğlu 1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində anadan olub. Göyçay pedaqoji məktəbini bitirdikdən sonra Tircan kənd orta məktəbində müəllim, Buynuz kənd ibtidai məktəbində müəllim və müdir işləmişdi.

 

1967-ci ildə ADU-nun filologiya fakültəsinə daxil olub, qiyabi təhsil alır. Həmin illərdə Buynuz kənd 8 illik məktəbin direktoru olub. Bakıya köçəndən sonra Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda direktor müavini, "Azərbaycan" jurnalında poeziya şöbəsinin müdiri vəzifəsində çalışıb (1974-1978). İsmayıllı rayonunda çıxan "Zəhmətkeş" qəzetinin redaktoru olub.

 

Ədəbi fəaliyyətə 1957-ci ildə "Azərbaycan" qəzetində çap olunan "İki qəlb, iki dünya" poeması ilə başlayıb. İsmayıllı rayon Xalq Deputatları Sovetinin deputatı seçilib. M. F. Axundov adına mükafata layiq görülüb.

 

Prezident İlham Əliyevin 25 may 2019-cu il tarixli Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə görkəmli şair, Yazıçılar Birliyinin üzvü Musa Yaqub “Xalq şairi” fəxri adına layiq görülüb.

 

Ən məşhur şeiri “Bu dünyanın qara daşı göyərməz”dir. Heç bir şairin şeirinə bu şeirə yazıldığı qədər nəzirə yazılmayıb.

 

Xalq şairi 2021-ci il mayın 7-də İsmayıllı rayonunda 84 yaşında dünyasını dəyişib. Yaşadığı İsmayıllı rayonunun Buynuz kənd qəbiristanlığında həyat yoldaşının məzarının yanında torpağa tapşırılıb.