Bu maraqlıdır!

Təklik hesablama sistemi

Bəşəriyyət çarxın və ya dulusçu kirkirəsinin ixtiraçılarının adlarını yaddaşlarda saxlamamış və bizə gətirib çatdırmamışdır. Bu da təəccüblü deyildir: insanların əkinçilik, heyvandarlıq və sadə əmtəə istehsalı ilə məşğul olmasından 10 min ildən çox vaxt keçmişdir. Odur ki, ilk dəfə “neçədir?” sualını verən dahinin adını demək qeyri mümkündür. İnsanların meyvə yığdıqları, balıq tutduqları, heyvan ovladıqları daş dövründə hesablamaya olan tələbat, odu əldə etməyə olan tələbat qədər təbii olaraq meydana gəlmişdir. Arxeoloqların ibtidai insan məskənlərindən əldə etdikləri tapıntılar bunu sübut edir.

 

Məsələn, 1937-ci ildə Vestonitsedə (Moraviya) belə məskənlərin birində üzərində 55 dərin çapıqları olan qurd sümüyü tapılmışdır.

 

Sonralar alimlər digər yerlərdən də üzərində üç-üç və ya beş-beş qruplaşdırılmış nöqtələrin və xətlərin olduğu qədim daş əşyalar tapmışlar. Ədədlərin belə yazılış sistemi təklik hesablama sistemi adlanır, belə ki, bu sistemdə istənilən ədəd, vahidi əks etdirən işarənin təkrarlanması yolu ilə yaranır. Qruplaşdırmalardan və köməkçi işarələrdən yalnız böyük ədədlərin qavranılmasını sadələşdirmək üçün istifadə olunurdu.

 

Mağaraların divarlarında çəkilən xətlərin və ya heyvanların sümüklərində, ağacların budaqlarında edilən yarıqların vasitəsilə qədim insanların yaratdıqları təklik hesablama sistemi bizim zamanadək unudulmamışdır.

 

Hərbi məktəbin müdaviminin neçənci kursda oxuduğunu necə bilmək olar? Bunun üçün onun hərbi mundirinin qolunda neçə zolaq olduğunu saymaq kifayətdir.

 

Təyyarənin gövdəsində təsvir olunmuş ulduzların sayı isə hava döyüşlərində mahir təyyarəçinin neçə düşmən təyyarəsini vurduğunu göstərir. Əşyanın sayı az olduqda onları bir-bir saymaq asandır. Çox sayda əşyaların bu cür sayılması darıxdırıcı və yorucudur, ona görə təklikləri qruplarda birləşdirmək ideyası meydana gəldi.

 

İnsanların əl və ayaqlarındakı barmaqların sayına uyğun beşlərlə, onlarla, iyirmilərlə sayma əmələ gəldi.