Şeirlər

Rəsul Rza. Cırtdanın nağılı

Biri vardı,
biri yoxdu,
bir Cırtdan vardı.
Günlər keçdi,
illər ötdü;
nə Cırtdan qocaldı,
nə nağıl qurtardı.
Dünya girdi
neçə yüz..,
neçənci savaşına...
Cırtdan qocalmadı.
Alma düşdü Nyutonun başına;
Cırtdan qocalmadı.
Yerə qurşaq bağladı Magellan.
Yelkənli gəmi atom buzqıranı oldu -
qocaman.
Cırtdan qocalmadı.
Ulduzları düzdü yan-yana
Qaliley.
Kosmosa yol açdı
insan sürücülü polad ley.
Cırtdan qocalmadı.
toplar torpağa bağırdı:
"Havaya qalx!"
Güllələr insana əmr etdi: "Əyil!"
Biri vardı, biri yoxdu,
bir Cırtdan vardı.
Günlər keçdi,
illər ötdü,
nə Cırtdan qocaldı,
nə nağıl qurtardı.
Torpağa ilkin ütü çəkdi
ingilis tankları.
Nikolayı taxtından saldılar;
sonra növbə gəldi müvəqqətiyə.
İnsanlığa yeni nəğmələr
oldu hədiyyə.
Başladı tarixin
"kim kimi" sınaqları.
Cırtdan qocalmadı.
Dünya rahatsızdır hələ.
Hələ xeyli yol var
dinclik adlı mənzilə.
Bu yolda qocaldıq neçəmiz.
Qurtuluş səsiylə dolu keçdi
gündüzümüz, gecəmiz.
Cırtdan qocalmadı.
Biri vardı, biri yoxdu,
bir Cırtdan vardı.
Günlər keçdi,
illər ötdü,
nə Cırtdan qocaldı,
nə nağıl qurtardı,
Belə, dostlar, belə!
Gülə-gülə!