Şeirlər

Rəsul Rza. Qızıma və yaşıdlarına

Könlünə
nigaran bir işıq düşsə;
dadını ilk dəfə duyduğun,
bir sevinc,
acısını ilk dəfə duyduğun
bir təşviş gətirən
işıq.
Aldanma onun göz qamaşdıran
şəfəqlərinə.
Kölgəsi yandırar səni.
İnanma istisinə!
Dondurar səni.
Deyirsən:
yanmasa, donmasa insan
yaşaya bilərmi?
Bu həqiqət də var.
Lakin, səadəti
təsadüfi tapıntı bilənə.
Çətindir yolu,
ağırdır bahası.
Fəlakətdən qorxma!
Ağciyərlərçin qorxuludur o.
Unutma!
İnsan ağrıyan yerini
can evi bilir.
Ağrı varsa, dözüm də var.
Əllərin yorulsa da,
yorulmasın ümidin, arzun, inamın.
İnsan özü bir sonsuzluqdur.
Hər dərdin əlacı
onun özündə var.