Bu maraqlıdır!

Tiflis Hərbi Tarixi Muzeyi

Muzeyin direktoru Davud Şərifovun Tiflisə ezamiyyətləri zamanı Qafqaz Hərbi Tarix Muzeyindən alınmış arxeoloji materiallar arasında Azərbaycan xanlıqlarının atributları əhəmiyyətli eksponatlar siyahısına daxil edilmişdir.


1925-1926-cı illərdə muzeyin tarix-etnoqrafiya şöbəsindən Şərq incəsənəti yarımşöbəsinə qiymətli Rey keramikası kolleksiyası verilmişdir. Fondun həcminin artması 1927-ci ildə rus təsviri sənət qalereyası açmağa imkan yaratmışdır. Eyni zamanda Azərbaycan Xalq yaradıcılığı üzrə bədii fond təşkil etmək vacib məsələlərdən biri idi. Qarşıya çıxan problemlərin həllinə nail olmaq məqsədilə 1928-ci ildə Azərbaycanın rayonlarına böyük ekspedisiyalar təşkil edilmiş, nəticədə çoxsaylı xalça məmulatları əldə edilmişdir.


Tarix-arxeologiya yarımşöbəsində Azərbaycan ərazilərində qazıntılar zamanı aşkar edilmiş eksponatların bərpası, quraşdırılması üzrə irimiqyaslı iş aparılmışdır. Keçmiş Qarabağ xanlarına məxsus silahlar, Lənkəran qəzasından qızıl sikkə xəzinəsi, X əsr İran sikkələri xəzinəsi və bir sıra tarixi sənədlər bu yarımşöbəyə daxil olmuşdur. Etnoqrafiya yarımşöbəsi köçəri türklərin alaçığını, geyim əşyaları, libas, bəzi bir sıra istehsal alətləri əldə etmiş, Nuxa qəzasında müasir keramika sənayesi məmulatlarından ibarət kolleksiya yaradılmışdı.


Botanika yarımşöbəsi tərəfindən Nuxa qəzasında 1800 bitki növünü əhatə edən herbari toplanmışdır. Bundan əlavə, Quba, Gəncə, Nuxa qəzalarında təbii boya istehsalında istifadə edilən bitkilər, eləcə də əhali tərəfindən istifadə edilən müalicəvi əhəmiyyətə malik bitki növlərini aşkar etmək üçün müəyyən tədbirlər planı həyata keçirilirdi.