Nağıllar, hekayələr

Örənqala əfsanəsi

Keçmiş zamanlarda Beyləqan şəhərində bir qoca yaşayırmış. Bir gün güclü zəlzələ baş verir. Böyük dağıntı olur. Şəhər camaatı qaçır. Həyəcandan qocanın gözləri tutulur. O da şəhəri tərk etməli olur. Xeyli vaxtdan sonra qoca oğlunu yanına çağırıb deyir:

 

- Beyləqan meşəsi, evim, yurdum yadıma düşüb. Atları hazırla, gedək.

 

Ata-oğul yola çıxırlar. Ata oğlundan soruşur:

 

- Oğul, Beyləqanın ortasında uca bir qala var. Hələ görünmür ki?

 

Oğlan ətrafda boz düzənlikdən başqa, heç nə olmadığını bildirir. Onlar qoca bir qarıya rast gəlirlər. Qarıdan Beyləqana nə qədər yol qaldığını soruşurlar. Qarı onlara yaxınlıqda görünən xarabalıqları göstərir. Oğlan atası ilə birlikdə atını xarabalığa doğru sürür. Birdən atasının başını aşağı əydiyini görür. Atasından soruşur:

 

- Ata, başını niyə əyirsən?

 

- Qorxuram, ağacların qol-budaqları gözümə dəyər.

 

Oğlan təəccüblənir. Öz-özünə: “Nə ağac? Burada ki heç ağac yoxdur,” - deyir. Qoca yenə soruşur:

 

- Oğul, qala görünürmü?

 

Oğlan:

 

- Ata, hansı qala?

 

- Necə hansı qala? Beyləqanın tən ortasındakı hündür qala.

 

Oğlan deyir:

 

- Ata, burada xarabalıqdan başqa, heç nə yoxdur.

 

Ata oğluna inanmır. Qoca öz-özünə düşünür: “Görəsən, o hündürlükdə qala necə olub? Bəs quş girə bilməyən Beyləqan meşəsi hanı?” Qoca dərindən köks ötürüb kədərli-kədərli deyir:

 

- Beyləqan da örəniyərmiş, qalası da örəniyərmiş.

 

Deyilənə görə, Örənqala sözü belə əmələ gəlmişdir.