Mədəni irsimiz

Nəfəs alətləri

Azərbaycan milli musiqi sənətinin inkişafında nəfəsli alətlərin misilsiz tarixi rolu olmuşdur. Bu alətlərin ilk sadə nümunələri eramızdan bir neçə minilliklər əvvəl qarğı və qamışdan hazırlanmışdır. Bu ənənə dövrümüzə qədər yaşamış və bu gün də davam etdirilir-hazırda bir neçə nəfəs aləti-ney, tütək, musiqar, sümsü və onun növləri qarğı və qamışdan hazırlanır. Daha sonralar nəfəs alətlərini sümükdən, heyvanların buynuzundan, bişmiş gildən, müxtəlif ağac mis və digər materiallardan da hazırlanır. Nəfəs alətlərinin texniki və bədii imkanları o qədər də geniş deyil. Bu da, hər şeydən əvvəl, onların səs diapazonunun məhdudluğu ilə əlaqədardır. Nəfəs alətləri arasında daha çox istifadə olunanı zurnadır ki, onun da səs düzümü iki oktavadan artıq deyildir. Nəfəs alətləri də ifa tərzinə görə müxtəlifdir. 1. Müştüklü: - zurna, balaban. 2. Müştüksüz: - ney, tütək, yan tütək. 3. Körüklü (dərili): - tulum, qarmon.


Ney
Qədim çalğı alətlərindən hesab olunur. Onun yaranma tarixi eramızdan çox-çox əvvəllərə aid edilir. Müxtəlif növləri Yaxın və Uzaq Şərq xalqları arasında, eləcə də dünyanın bir çox ölkələrində geniş yayılmışdır. Azərbaycanda neyin bir neçə növü mövcud olmuşdur.


Neyin naləsini Füzuli belə təsvir edir:
Nalədəndir ney kimi avazeyi eşqim bülənd


Nalə tərkin qılmazam ney tək kəsilsəm bəndü-bənd XIV-XV əsrlərdə yaşayıb-yaratmış görkəmli musiqişünas alim Əbdülqadir Maraği “Məqasid əl-əlhan” (Nəğmələrin məqsədi) əsərində həmin dövrlərdə neyin iki növünün - ağ və qara neyin mövcudluğu barədə məlumat verir. XX əsrin əvvəllərinə kimi musiqi dünyasını möcüzəli səsi ilə ilhama gətirən ney bir zamanlar tamamilə unudulsa da, son illərdə yenidən musiqi məclislərinin bəzəyinə çevrilmişdir. Ağ ney qarğıdan hazırlanır. Onun uzunluğu 550-600 mm, diametri 20 mmdir. Üst hissəsində beş, alt hissəsində isə bir oyuq olur. Ağ neyi çalarkən ifaçı alətin baş hissəsinə keçirilmiş nazik mis borunu qabaq dişlərinin arasında yerləşdirərək ora hava üfləyir, dil və dodaqlar vasitəsi ilə səslərin alınmasına nail olur. ifaçı oyuqları qismən və bütöv açıb- bağlamaqla xromatik səs sıralarını ala bilir. Müasir neylər baş hissədən, təxminən, 50 mm aşağıdakı oyuqdan dodaq vasitəsi ilə üflənərək ifa edilir. Bu növün ən müasiri fleyta adı ilə orkestrlərin tərkibində istifadə olunur. Hazırda bir çox Şərq xalqları arasında fleytanı öz tarixi adı ilə adlandırırlar. Neydə muğam, mahnı və başqa musiqi nümunələrini səsləndirmək mümkündür. Neyin diapazonu birinci oktavanın “do” səsindən ikinci oktavanın “sol #” səsinə kimidir.


Balaban
Orkestr və ansamblların, aşıq və digər folklor qruplarının tərkibində geniş istifadə olunan nəfəsli alətlərdən biri də balabandır. Bəzən “balaman” da adlandırılan bu alətin adının mənası “bala” (kiçik) və “ban” (səs tembrinin xoruz banına bənzədilməsi) sözləri ilə bağlı olub, “kiçik ban” (ilk, erkən ban) deməkdir. Yumşaq və həzin səsə malik balabandan ansambl, orkestr və solo aləti kimi nəfəsli alətlər qrupunu, o cümlədən aşıqlar dəstəsini müşayiət etmək üçün istifadə edilir. Balaban ərik, qoz, tut və armud ağaclarından xüsusi dəzgahlarda yonulub, içərisi oyulduqdan sonra müəyyən bitki yağları ilə yağlanır, xüsusi temperaturda uzun müddət qurudulur. Hazır gövdənin üst hissəsində səkkiz, alt hissədə isə bir oyuq açılır. İfa zamanı hər iki əlin barmaqları ilə oyuqlar açılıb-bağlanır. Balabanın baş hissəsinə qarğıdan xüsusi ölçüdə sıxılaraq yastılandırılmış müştük taxılır. Ona görə bəzi hallarda bu alətə “yastı balaban” da deyilir. müştüyün üzərinə keçirilmiş xamıtın (qısqacın) vasitəsi ilə alətin səs ucalığı və kökü İfaçı aləti səsləndirmək üçün dərindən nəfəs alaraq havanı ağız boşluğuna yığır və onu xüsusi ustalıqla dodaqları arasında tutduğu yastı müştüyün içərisinə üfləyərək barmaqlarını oyuqların üzərində hərəkət etdirməklə istənilən səs ucalığını alır. Uzunluğu 280-300 mm, diametri 20-22 mm-dir. Balabanın səs diapazonu kiçik oktavanın “sol” səsindən ikinci oktavanın “do” səsinə kimidir. Çalğıçının ustalığından asılı olaraq, bir neçə səs də artırıla bilər.


Zurna
Güclü və zil səsə malik zurna musiqi aləti Azərbaycan ərazisində geniş yayılmış və mədəni həyatımızda özünə məxsus yer tutmuşdur. Zurnanın “surnay” sözündən olub, sur - “böyük ziyafət”, nay - “qarğı”, “qamış” mənasını verdiyi güman edilir. Ayrı-ayrı növləri Orta Şərq və Qafqaz xalqları arasında çox geniş yayılmışdır. Qədim insan məskənlərindən biri olan Mingəçevir ərazisində aparılan arxeoloji qazıntılar zamanı maral buynuzundan hazırlanmış dörd ədəd zurna aşkar edilmişdir. Alimlərin hesablamalarına görə, yüksək zövqlə hazırlanmış bu alətlərin üç min il yaşı vardır. Əsasən, ərik (qaysı), qoz və tut ağaclarından yonularaq hazırlanır. Ümumi uzunluğu 302-317 mm-dir. Gövdəsinin baş hissəsi 20 mm olub, aşağıya doğru genişlənərək 60- 65 mm-ə çatır. Üst hissəsində yeddi, alt hissəsində isə bir oyuq açılır. Gövdənin baş tərəfinə maşa (beçə) taxılır. onun uzunluğu 120 mm-dir və o, cır söyüd, qoz və ərik ağacından hazırlanır. Maşanın vəzifəsi alətin kök qaydasını nizama salmaqdır. Bürünc, mis, yaxud gümüş lövhədən hazırlanmış “mil” maşaya taxılır. Əsasən, quru yerdə bitmiş qamışdan xüsusi üsulla hazırlanmış müştük 7-10 mm uzunluğunda olur. İfaçı aləti səsləndirmək üçün ağız boşluğuna yığdığı havanı müştükdən nizamla üfləyir. Sədəf, sümük və bürüncdən hazırlanan dəyirmi tağalaq (dayaq) milin, təxminən, orta hissəsinə, girdə lövhəyə bərkidilir. Tağalaq, bir növ, dodaq üçün dayaq rolunu oynayır. Üfürülən hava müştük, mil və maşadan keçərək gövdəyə daxil olur və alət barmaqların köməyi ilə gövdədəki oyuqları açıb-bağlamaqla səsləndirilir. Zurnanın diapazonu kiçik oktavanın “si bemol” səsindən üçüncü oktavanın “do” səsinə qədərdir. İfaçının məharətindən asılı olaraq, bir neçə səs də artırmaq mümkündür. Bu səsləri ifaçılar “səfir səslər” adlandırırlar. Zurna, əsasən, açıq havada keçirilən el şənliklərində geniş istifadə edilir. Bu alətin “qara zurna”, “ərəbi zurna”, “cürə zurna”, “əcəmi zurna”, “qaba zurna”, “şəhabi zurna” kimi növləri tarixən mövcud olmuşdur. Əsasən, nəfəs alətləri ansamblında ifa olunur. Xalq çalğı alətləri ansamblı və orkestrlərinin tərkibində də solo aləti kimi bəzi rəqslər, cəngilər və digər musiqi nümunələrinin ifasında istifadə edilir. Ü.Hacıbəyov “Koroğlu” operasında zurnanı orkestrin tərkibinə əlavə etmişdir.


Tulum
Bir vaxtlar Qarabağ, Laçın, Qazax, Tovuz və Naxçıvan ərazisində geniş yayılmış nəfəslə çalınan dəri çalğı alətidir. Hazırda Azərbaycanda, əsasən, Naxçıvan Muxtar Respublikasında rast gəlmək olar. Başqa nəfəsli çalğı alətləri kimi tulumun da çox qədim tarixi vardır. Alimlərimiz tulumun yaranma tarixini sinifli cəmiyyətin ilk dövrlərinə aid edirlər. Hazırda tulumun müxtəlif növləri fərqli adlarla Qafqaz, eləcə də bir sıra Avropa xalqları arasında geniş istifadə edilir. Maldarlıq, əsasən də, qoyunçuluqla məşğul olan köçəri tayfalar tulumdan çox istifadə etmişlər. Səs tembri zurnanın səsinə bənzədiyi üçün bəzən ona “tulum zurnası” da deyilib. Tulum xüsusi üsulla aşılanıb yumşaldılmış keçi və ya qoyun dərisindən hazırlanır. Bütöv soyulmuş dərinin iki ayağı möhkəm bağlanılır. Qalan ikisindən birinə tuluma hava doldurmaq üçün sümükdən və ya qamışdan hazırlanmış, ağzında tıxacı olan boru, digərinə isə aləti ifa etmək üçün iki qoşa boru (gövdə) bərkidilir. Uzunluğu 260-280 mm olan həmin gövdələrin üzərində 7 oyuq açılır. İfaçı sol qoltuğunda tutduğu içərisi hava ilə doldurulmuş tuluğu azacıq təzyiqlə sıxmaqla havanı borulara daxil olmağa məcbur edərkən hər iki əlin barmaqları ilə oyuqları açıb-bağlamaqla istənilən səs ucalığını əldə edə bilir. Birinci boruda melodiya çalınır, ikincisində isə həmin melodiyanın tonikası saxlanılır. Tulum, əsasən, solo aləti kimi, bəzi hallarda isə balabançılar dəstəsində istifadə edilir.


Tütək

Bir vaxtlar, əsasən, çobanların istifadə etdiyi üfləmə ağac musiqi aləti olmuşdur. Bir çox ölkələrdə tütəyin müxtəlif növləri çox geniş yayılıb. Azərbaycanda böyük və kiçik növləri orkestr və ansamblların tərkibində, əsasən, solo aləti kimi istifadə edilir. Səs tembri mülayim və məlahətlidir. Boruşəkilli gövdə ərik, qoz, tut və ya qamışdan hazırlanır. Uzunluğu 280-300 mm, diametri 20 mm-dir. Gövdənin üst hissəsində yeddi, alt hissəsində isə bir oyuq olur. Alətin baş tərəfində borunun içərisinə yanakı kəsilmiş ağac tıxac (dil) daxil edilir. Tıxacla gövdə arasında xüsusi ölçüdə boşluq saxlanılır ki, həmin hissədən ağız boşluğuna yığılmış hava dodaqlar vasitəsi ilə gövdəyə üflənir. sağ və sol əlin barmaqları ilə oyuqları açıbbağlamaqla səs ucalıqlarını almaq mümkün olur. Onun səs düzümü kiçik oktavanın “si” səsindən üçüncü oktavanın “do” səsinə qədərdir. Mahir ifaçılar bir neçə səs də əlavə edə bilirlər.


Qarmon
Metal dilçəkli, körüklü musiqi alətidir. XIX əsrin sonlarından etibarən Azərbaycan xalqının məişətinə daxil olmuş və milli musiqi mədəniyyətinin bir hissəsinə çevrilmişdir. Digər xalq çalğı alətləri ilə bir yerdə ansambllarda, o cümlədən el şənliklərində milli rəqs musiqisinin ifası zamanı geniş istifadə edilir. Təsadüfi deyildir ki, təkmilləşdirilmiş müasir qarmon bir çox hallarda xalq musiqi aləti kimi qarşılanır. Azərbaycanda istifadə olunan xromatik növlü qarmonun texniki ifa xüsusiyyətləri və səs quruluşu rus qarmonlarından tamamilə fərqlidir. Qarmon cazibədar səs tembrinə malikdir. Onun yan tərəfləri taxtadan, orta hissəsi dəri körüklü dördkünc qutudan ibarətdir. Qarmonun hündürlüyü 360 mm, eni 268 mm, qalınlığı 195 mm-dir. Qutunun içərisində ağac lövhələr üzərində xüsusi qayda ilə düzülmüş nazik metal dilçəklər (lövhələr) yerləşdirilir. Alət sağ və sol əlin köməyi ilə körüyü açıb-bağlamaqla səsləndirilir. Bu zaman sağ əlin şəhadət, orta, adsız, çeçələ barmaqları ilə melodiya, sol əlin barmaqları ilə isə melodiyanın ahənginə uyğun dəm (tonika) saxlanılır. Körük açılıb-bağlandıqda barmaqların təzyiqi ilə sıxılmış hava dillərin açdığı boşluqdan keçərək həmin metal lövhələri ehtizaza gətirir. Bu zaman, vibrasiya olunmuş lövhələrin ölçülərindən asılı olaraq, müxtəlif səs ucalıqları alınır. Diapazonu kiçik oktavanın “do” səsindən ikinci oktavanın “fa” səsinə qədərdir. Solo və ansambl aləti kimi geniş istifadə edilir. Azərbaycanda bu alətin yığılması ilə məşğul olan sənətkarlar onun səs sistemini milli səs düzümünə tam uyğunlaşdırdıqları üçün alətin səs çalarlığı, ifa texnikasının rahatlığı xalq musiqisinin və muğamların ifasına geniş imkan yaratmışdır.