Nüsrət Həsən. Son zəng
Daha getməliyik, bağışla, məktəb,
Bu da son ayrılıq, bu da son vida.
Biz sənə əlvida deyə bilmirik,
Son zəng yerimizə deyir "Əlvida".
Səninçün bitirmək xoşbəxt illəri,
Nə sadə, nə adi, nə asan, son zəng?!
On bir il yolunu gözləsəm belə,
İndi istəmirəm çalasan, son zəng.
Bu adi səs deyil, bu qəddar səsdi,
Bu səs bu son zəngin iniltisidi.
O xoşbəxt, qayğısız, gözəl illərin,
Ayrılıq nəğməsi, vida səsidi.
Bu son zəng hər şeyə nöqtə qoysa da,
Salsa da bizləri həsrətə, dərdə,
Ən gözəl məqamlar, ən gözəl anlar,
Hamısı yaşayır xatirələrdə.
Bu səs tənəffüsün səsi deyil ki,
Parlaq gələcəyin parıltısıdı.
Bizimlə əbədi ayrılıb gedən,
Ölən uşaqlığın xırıltısıdı.
Ayrılıq həsrəti çəkdiyin o an,
Səssizcə göz yaşı axanda olur.
Həyatda ən böyük həsrət, iztirab,
Dönüb uşaqlığa baxanda olur.
Daha getməliyik, bağışla, məktəb,
Bu da son ayrılıq, bu da son vida.
Biz sənə əlvida deyə bilmirik,
Son zəng yerimizə deyir əlvida.