Zahid Xəlil. Külək və mələk
Mənim adım Mələkdi
Onun adı Küləkdi.
Küləklə dost olmaram
Çünki işi kələkdi.
Qızılgüllər əkmişdim.
Görün bir neçə ləkdi!..
Yolub tökdü onları
Yaman dəli küləkdi.
Külü küllükdən aldı
Hər tərəfə kül əkdi.
Yenə də bel götürüb
Bağçamızı bellərəm.
Əkərəm, suvararam
Hər tərəfi güllərəm
Hasarlaram bağçanı
O külək girə bilməz,
Nə tutu, gilənarı,
Nə gülü görə bilməz.
Onun adı küləkdi
Mənimki də Mələkdi.
Dəli - dolu küləyə
Ancaq belə gərəkdi.