Şeirlər

Səməd Vurğun. Bizim dağların

Dün oxdum şerini, düşdü yadıma
Gülümsər dövranı bizim dağların.
Oxudum ki, yoxdur sizin yaylada
Gülü, gülüstanı bizim dağların.

 

Bilməm kaç əsrdir yaranmış durar,
Cansız cəsədlərə dirilik urar
Səhər irişincə bin nəğmə qurar
Şahbazı, tərlanı bizim dağların.

 

 

Əlvan çiçəkləri saralmaz, solmaz,
Baxdıqca onlara konüllər doymaz,
Çeşmələr başından heç əskik olmaz
Zurna-balabanı bizim dağların.

 

Ətrafı taladır, ceyran yuvası,
Ruhları məst edər sərin havası,
Sizin yerdə olmaz, onun səfası,
Cənnətdir hər yanı bizim dağların.

 

Yasəmənlər, gül reyhanlar ocağı,
Bizim dağlar bir təbabət qucağı,
Dişləri göynədən soyuq bulağı,
Genişdir meydanı bizim dağların.

 

Bir-birindən gözəl vardır meşəsi,
Səs versən, səs salar hər yana səsi.
Qazanar hər kəsdən sevinc həvəsi
Çölü, biyabanı bizim dağların.

 

Şeh düşər otların üstə gecədən,
Doymaq olmaz orda xoruz-beçədən,
Dəyəsi qurular qalın keçədən
Dərdlərin dərmanı bizim dağların.

 

Qoyun, quzu bir-birinə qarışar,
Qulplu qazanlardan qatıqlar daşar.
Böylə həyat içrə yüzdən çox yaşar
Zəhmətkeş dəliqanı bizim dağların.

 


Bəslədiyi kök quzulardan kəsər,
Bolluq içrə ömür sürər sərbəsər.
Boynun əyib çeşmələrdən su içər
Maralı, ceyranı bizim dağların.

 


Xırdaca-xırdaca yağar yağışlar,
Xəstə Vurğun bu dövranı alqışlar.
Möhtərəm qarelər məni bağışlar,
Cavandır yazanı bizim dağların.