Görkəmli şəxsiyyətlər

Qövsi Təbrizi

Qövsi Təbrizi Azərbaycan şairidir. O, Təbrizdə anadan olmuş, ilk təhsilini atasından almış, sonra İsfahanda oxumuş, klassik Şərq ədəbiyyatını dərindən öyrənmişdir.

 

Qövsi Təbrizi Azərbaycanda klassik poeziyanın görkəmli nümayəndələrindən biri, gözəl şeirlər müəllifi kimi ədəbiyyat tariximizdə əhəmiyyətli yer tiutur. Onun lirik şeirləri, qəzəlləri yüksək sənətkarlığı ilə seçilir. Şairin şeirlərinin ictimai-fəlsəfi məzmunu, bədii dili, mövzu rəngarəngliyi sənətkarlıq baxımından olduqca səciyyəvidir. Onun şeirləri, qəzəlləri yüksək sənətkarlıq keyfiyyətinə malik olmaqla, oxucuya təsir edən poeziyadır. Əsərlərinin lirik qəhrəmanları şairin müasiri olan insanlardır. Mütəxəssislərin araşdırmaları göstərir ki, Qövsi Təbrizi klassik Şərq ədəbiyyatını dərindən öyrənmiş, yaradıcılığında bu ənənəyə sadiq qalmışdır.

 

Qövsi Təbrizi zəmanəsinin qabaqcıl, gözüaçıq, cəsarətli şairi olmuşdur. Onun qəzəllərində xalq şeirinə məxsus bir ahəngdarlıq, sadəlik, səmimiyyət, aydınlıq vardır. Qövsi Təbriziyə görə, təsirsiz söz işıqsız gözdür. O, söz sənətinin qədir-qiymətdən düşməsinə ürəkdən acıyır, etiraz səsini ucaldır. Şairin qəzəllərinin çoxunda beyt və misralar arasında möhkəm məntiqi əlaqə var və onlar mövzüca da bir-birini tamamlayır. Qövsi Təbrizi həyatı boyu bu yaradıcılıq ənənələrinə sadiq qalmışdır. Qövsi Təbrizi bir müddət Hindistanda yaşamış, şeirləri ilə hind ədəbi ictimaiyyətinin diqqətini cəlb etmiş, hörmət və ehtiramını qazanmışdır. Təzkirə müəllifləri öz əsərlərində onun şeirlərindən, qəzəllərindən nümunələr vermiş, haqqında xoş sözlər söyləmişlər.

 

Qövsi Təbrizi öz yaradıcılığında canlı xalq dilinin bədii imkan-larından, xalq yaradıcılığının zəngin xəzinəsindən məharətlə istifadə etmişdir. Şairin "Nola ki, fərq ola namərdlərdən mərd dünyada”, "Səba, sələmimi lütf eylə, ol diyara yetir", "Eylə kim dərman sənindir..." və digər əsərlərində məhəbbət, təbiət, gözəllik hissləri olduqca bədii, təmiz və safdır. Qövsi Təbrizi yaradıcılığı boyu bir sıra şairə, o cümlədən Füzuliyə nəzirələr yazmışdır. Şairin ədəbi irsindən ədəbiyyat, elm aləminə divanının iki nüsxəsi məlumdur.

 

Bu divanlardan biri İngiltərədə Britaniya Muzeyində, digəri isə Gürcüstan Dövlət muzeyində saxlanılır. Azərbaycan ədəbiyyatşünasları F.Köçərli, M.Tərbiyət, Salman Mümtaz şairin yaradıcılığını ətraflı araşdırmışlar. F.Köçərli "Azərbaycan ədəbiyyatı tarixi materialları" kitabında şairin qəzəllərindən nümunələr vermiş, Salman Mümtaz isə Qövsi Təbrizinin şeirlərinin bir hissəsini 1925-ci ildə Bakıda kitab halında çap etidrmişdir. Bu kitaba şairin 62 qəzəli, bir müxəmməsi, bir neçə rübaisi daxil edilmişdir. Kitaba yazdığı müqəddimədə Salman Mümtaz məşhur ədəbiyyatşünaslar - Nur Hüseynin "Nigaristani-süxən", Şarl Rionun "Kataloq"undan, akademik A.Krımskinin "Türkiyə tarixi və ədəbiyyatı" əsərlərindən istifadə etmişdir. Azərbaycan ədəbiyyatını tədqiq edən türk alimi İsmayıl Hikmət 1928-ci ildə çap etdirdiyi "Azərbaycan ədəbiyyatı tarixi" əsərində Qövsi Təbrizidən ayrıca bəhs etmişdir.

 

Qövsi Təbrizinin ədəbi irsinin oxuculara çatdırılmasında və tədqiq olunmasında H.Araslının xidməti xüsusi qeyd edilməlidir. O, Seyid Əzim Şirvaninin, Şarl Rionun, Firudin bəy Köçərlinin, İsmayıl Hikmətin əsərlərində Qövsi Təbrizi haqqında yazılanlardan, eyni zamanda şairin Britaniya və Gürcüstan muzeylərində saxlanılan nüsxələrindən istifadə edərək, əsərini təkmilləşmiş halda geniş müqəddimə ilə 1958-ci ildə nəşr etdirmişdir. Ədəbiyyatşünas M.Seyidov şairin həyat və yaradıcılığı haqqında ilk dəfə olaraq ayrıca monoqrafiya yazmış və 1963-cü ildə "Qövsi Təbrizi" adlı kitabını çap etdirmişdir. Qövsi Təbrizinin əsərləri 1925, 1958-ci illərdə Bakıda, 1960, 1972-ci illərdə Moskvada çap olunmuşdur. Qövsi Təbrizi Azərbaycan şeirinin inkişafında müstəsna rol oynamışdır. Onun poeziyası öz gözəlliyini, təravətini saxlayır, maraqla oxunur. Azərbaycan Respublikası prezidentinin 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə Qövsi Təbrizinin əsərləri kütləvi tirajla çap edilmişdir.