Bu maraqlıdır!

Bakı Uşaq Dəmir Yolu

ADA universiteti, Dədə Qorqud parkı və Bakı Zooloji parkının ərazisini əhatə edən ərazidə uşaqlar üçün dəmiryolu var idi. Bir çox sovet şəhərində qarşımıza çıxan bu Əyləncə vasitəsindən geri qalan təkcə bu stansiyadır - 1947-2009-cu illərdə Bakıda mövcud olmuş uşaq dəmir yolu. 

 

Bakıda uşaq dəmir yolunun yaradılması ideyası 1945-ci ildə olmuşdur. Azərbaycan Nazirlər Sovetinin 15 İyun 1946-ci il tarixindəki qərarında dəmir yolunun yaradılmasının başlanma və sona çatma tarixləri qeyd olundu.

 

Tikintiyə 14 mart 1947-ci ildə başlanıldı və 1 may 1947-ci ildə başa çatdı. Dəmir yolu xətti Dzerjinski parkında (Şəhriyar, Dədə Qorqud) yerləşirdi. Dəmir yolunun tikintisində Bakı şəhərinin şagirdləri və tələbələri də iştirak etmişdilər.

 

Yolda işə 120 gənc dəmiryolçu cəlb olunmuşdu. Bakı Uşaq Dəmir Yolunun açılışı 10 avqust 1947-ci ildə olmuşdur. Bakı Uşaq Dəmir Yolunun ilk başçısı M. Axundov təyin olunmuşdur.

 

Yolun uzunluğu 1050 metrdir. İki stansiyadan - Dədə Qorqud və Bahar, lokomotiv deposundan, tədris korpusundan, 2 TU2 teplovozundan, 6 Pafavag vaqonundan ibarətdir.  2004-cü ildən etibarən rəsmi adı Azərbaycan Dövlət Uşaq Dəmir Yolu ADUDY olmuşdur.

 

2009-cu ildə fəaliyyətini dayandırmışdır.