Şeirlər

Vahid Əziz. Neynədin?

"Vətən mənə oğul desə, nə dərdim?
mamır olub qayasında bitərdim"
                                  Məmməd Araz

 

Torpaq getdi gah sürətlə, gah yavaş,
Bu sözləri dönə-dönə söylədin.
Ata Yurdu "Oğul!" - deyən vətəndaş,
Dərdin bilib, Vətən üçün neynədin?


 
Bu yerlərdən baş götürüb gedən yox,
Mamır olub qürbətlərdə bitən çox,
Ay ürəksiz-gözləri ac, qarnı tox,
İncik düşüb gedən üçün neynədin?


 
Saxtakarlıq olmamalı sevəndə,
İgid-şəhid, qorxaq olan kefində!
Qoca anan "Ahılların evində",
Əldən düşmüş dədən üçün neynədin?


 
Kimi-harın, kimi bədbin, əlacsız,
Dərman baha, imkansızlar ilacsız,
Qəriblikdə burdan qaçan xeyli qız;
Yad dibçəkdə bitən üçün neynədin?


 
İşsiz qalan yad ellərdə çalışar,
Burda donan yad çöllərdə alışar,
Bülbülümüz özgə dildə danışar -
Qarabağda ötən üçün neynədin?


 
Çul kimisən; gah əriyən, gah şişən,
Dərdə gülüb, fəryadlara irişən,
Vətən deyib, haqq yolunda döyüşən
Şəhid olub ölən üçün neynədin?!


 
Torpaq dərdi neştər olub gözümə,
Gəl alışaq, köz qarışdır, közümə,
Vətən - ayna boylanaraq üzümə,
Hıçqırıram için-için "Neynədin?.."