Nağıllar, hekayələr

Xalidə Hasilova. Rezin elektriki keçirmir

Bu hadisədən bir müddət keçmişdi. Bərk külək əsirdi. Külək axşamadək kəsmədi. Hava qaralmağa başlayırdı. Bu axşam kəndin mədəniyyət sarayında tədbir vardı. Sədr tədbiri açmaq istəyirdi ki, onun sözü ağzında qaldı. Sarayın işıqları birdən söndü. Montyor hər yeri yoxladı. Elektrik məftili heç yerdən qırılmamışdı. Vəli də bir neçə qonşu uşaq və ata-anası ilə bu tədbirə gəlmişdi. Çünki tədbirdən sonra konsert olacaqdı. İşıqlar sönən kimi uşaqlar da bayıra çıxdılar. Montyor yuxarı baxa-baxa gəzirdi. Elektrik məftilinin haradan qırıldığını axtarırdı. Vəli yanındakı uşaqlara dedi:


- Gedək, biz də axtaraq!

 

Uşaqlar da ona qoşulub, kluba çəkilən elekrik məftillərinə baxa-baxa kəndin içinə tərəf getdilər. Birdən Vəlinin ayaqlarına bir şey ilişdi. O əyilib baxdı. İlişən şeyin elektrik məftili olduğunu gördü.

 

- Bax buradan qırılıb, - deyə Vəli səsləndi.

 

Uşaqlardan biri:

 

- Gedib montyoru çağırım!

 

Vəli:

 

- Yox, lazım deyil, - dedi.

 

- Niyə?

 

Vəli cavab vermədi. Bu dəqiqə o, gözünün qabağına Adili gətirdi. Adil də vaxtı ilə onun: “Bəs montyor nə vaxt gələcək?” - sualına: “Yox, montyor gəlməyəcək!” - deyə cavab vermişdi. İndi də o, Adil kimi etmək istəyirdi.

 

Vəli yuxarı, küləkdən az qala ikiqat əyilmiş cavan qovaq ağaclarının budaqları arasına baxdı. Məftilin o biri ucu ağacdan asılıb qalmışdı.

 

- Biz özümüz onu birləşdirə bilərik, - deyib Vəli uşaqların ayağına baxdı. O, Rzanın ayağındakı qaloşu görüb dedi:

 

- Qaloşunu çıxart, ver mənə!

 

- Niyə?! - deyə Rza təəccüblə soruşdu.

 

- Adamın ayağında rezin ayaqqabı olanda elektrik onu vurmaz. Rezin elektriki keçirmir. Bunları bizə Ramazan müəllim öyrədib. Siz hələ beşinci sinifdə oxuyursunuz. Bir ildən sonra siz də bunları biləcəksiniz. Di tez ol, qaloşu çıxart, ver mənə.

 

Rza daha bir söz deməyib, qaloşunu çıxartdı. Vəli çəkməsini çıxarıb Rzanın qaloşunu geyindi və bir əlində məftilin ucunu tutub ağaca dırmandı. Külək ağacın budaqlarını xışıldadırdı. Vəli çətinliklə yuxarı dırmaşdı. Kürəyini yoğun bir budağa dirəyərək yuxarıdan sallanmış məftili tutdu. Əvvəlcə bir məftilin, sonra da o birinin uclarını qarmaq kimi əyərək bir-birinə keçirmək istədi. Lakin məftillərin ucları qısalmışdı, bir-birinə güclə çatırdı. Qarmaqlar dartılıb açıla bilərdi. Buna görə də məftili əvvəlcə möhkəm dartışdırıb yoğun bir budağa doladı.

 

Məftil möhkəm dartıldı, sonra rahatlıqla o biri məftilin qarmağını birinci qarmağa keçirdi. Elə bu zaman uzaqdan mədəniyyət sarayının pəncərələrinin işıqlandığını gördü.

 

- Yandı, - dedi və cəld aşağı düşdü.

 

Vəli öz ayaqqabısını geyinib uşaqlarla birlikdə saraya tərəf yüyürdü.

 

Sarayın qapısında montyoru gördülər. Rza özünü saxlaya bilməyib, sevincindən gülümsəyə-gülümsəyə:

 

- Vəli düzəltdi, - dedi.

 

Montyor təəccüblə:

 

- Vəli?!

 

- Bəli, Vəli düzəltdi.

 

Montyor köməkçisinə baxıb sevindi. O, üzünü Vəliyə çevirib:

 

- Ay sağ ol, - dedi. - Ancaq məftili möhkəmləndirmək lazımdır. Belə küləkdə o yenə qırıla bilər. Siz içəri keçin, mən gedim onu möhkəmlədim. Bunu deyib montyor tez uşaqlardan ayrıldı.

 

Vəlinin gözləri qabağına yenə “fizik” Adil gəldi. O gülümsəyirdi. Elə bil, Vəlinin gördüyü işə o da sevinirdi. Vəli özü də indi fizika məşğələlərinə vaxtlı-vaxtında getməsindən çox razı qalmışdı.