Bu maraqlıdır!

Sakit okeanı kəşf etmiş adam-Vasko Nunyes De Balboa

XV-XVI əsrlər ərəfəsində Kolumbun özü, onun kiçik müasirləri və həmkarları tərəfindən Yukatan yarımadasından Cənub tropikinə qədər uzanmış sahil zolağı kəşf edilmişdi. Lakin nə ispanlar, nə portuqallar o zaman materikin dərinliklərinə girməyə çalışmırdılar.

Bu təşəbbüslərin uğurla başa çatması üçün əvvəlcə sahildə daimi yaşayış yerləri təsis etmək lazım idi. 


İlk dəfə bunu Alonso de Oxeda edərək, 1510-cu ildə Uraba körfəzinin şərq sahilində (Panama boğazının Cənubi Amerika materikilə birləşdiyi yerdə) San-Sebastyan qalasının təməlini qoydu. Oxeda bu yerlərdə yerli əhalini əsir edərək, qul kimi satmağa çalışsa da, onlar kəskin müqavimət göstərirdilər: hətta döyüşlərin birində Oxedanın 70 nəfər həmkarını öldürücü kurare zəhəri ilə zəhərlənmiş oxlarla öldürmüşdülər. Adamları aclıq və qızdırma da tələf edirdi. Əsgərlərin narazılığı artırdı, yalnız ən qəddar tədbirlər vasitəsilə Oxeda intizamı saxlaya bilirdi. Əldə edilmiş qənimətin bir hissəsini bu yerlərdə məşğul olan piratlarla ərzağa dəyişərək, Alonso de Oxeda az sonra kömək üçün Espanyola (Haiti) getdi və bir də öz məskunlaşdığı yerlərə qayıtmadı. Nahaq yerə öz başçılarını gözlədikdən bir az sonra qarnizonun qalan hissələri bu xeyirsiz yerləri tərk edərək, Uraba körfəzini keçib Qızıl Kastiliyada - o zamanlar Panama boğazı belə adlanırdı - məskunlaşmağı qərara aldılar. Qızıl Kastiliyada məskunlaşmağı isə ispan Vasko Nunyes de Balboa (1475-1517) təklif etdi. Növbəti hadisələrin əsas iştirakçısı da o oldu. Hətta o dövrün qaynar fonunda belə onun tərcümeyi-halı xüsusi şübhələrlə seçilirdi. Hələ gənc ikən o, Yeni Dünyaya (Amerikaya) düşmüşdü. Espanyolda borca girdiyi üçün o, yola düşən gəmidə unla dolu çəlləkdə gizlənərək (borcu olanlara Espanyolu tərk etmək qadağan idi) qaçmağa məcbur oldu. Oxedanın adamları Qızıl Kastiliyaya çataraq Daryendə məskunlaşdılar. 


Nunyes de Balboa qəşəng xarici görünüşü, qeyri-adi ağlı və biliyi, xoşrəftarlığı və xoştəbiətliyilə tezliklə hamının rəğbətini qazandı. Təbii ki, o dövrlərdə qabağa getmək üçün o, zəruri olan xüsusiyyətlərə də malik idi. Öz düşmənlərinə qarşı fiziki qüvvə və məharətlə silah işlətməsi, enerjili və kobudluğu, əyilməz iradəsi və qəddarlığı ilə seçilirdi. Oxeda tərəfindən mühüm bir vəzifəyə (baş alkalda) təyin olunmuş Fernandes Ensisosu Vasko Nunyes yoldaşı ilə öz vəzifəsindən sui-istifadə etməsində günahlandıraraq, onun Daryeni dərhal tərk etməsini tələb etdi. Belə bir hərəkəti Nunyes de Balboa canişin Nikueslə də etdi. Hakimiyyəti ələ keçirdikdən sonra Vasko Nunyes qızıl və ərzaq axtarmaq məqsədilə yaxınlıqda yerləşən hindi başçılarının (kəsiklərin) torpaqlarına bir neçə yürüş etdi. Silahsız hindilər tərəfindən hər hansı müqavimət qəddarcasına yatırılırdı. Hindilər dəhşət içində qaçırdılar. İspanlar isə onların kəndlərini talayırdılar. Yaxındakı ərazilər boşaldıqca ispanlar uzaq məsafələrə yürüş etməyə məcbur olurdular. Eyni zamanda Nunyes de Balboa ağıllı hərəkət edərək, qızıllarını könüllü təhvil verən kasikləri izləmirdi və bəzən bu başçılara öz düşmənlərilə mübarizədə köməklik edirdi. Kasiklərin birindən Balboa keçilməz dağlardan cənubda yerləşən dəniz haqqında, həmçinin orada yerləşən qüdrətli dövlət olan Peru haqqında öyrəndi. Buranın əhalisi qızıl qablarda yeyib-içirdilər. Ancaq kasik ispanları xəbərdar etdi ki, bu ölkəyə yürüş etmək üçün onlara ən azı min əsgər lazım olacaq. Beləliklə, ispanlar ilk olaraq inklərin dövləti barədə öyrəndi... 1513-cü ilin avqust ayının sonlarında o, 190 nəfər ispan və çoxlu yükdaşıyan hindilərdən ibarət böyük dəstəyə rəhbərlik edərək, yürüşə başladı. Sentyabrın 25-də sayca azalmış dəstə yüksək dağ silsiləsinin zirvəsinə çatdı. Hindilər Vasko Nunyesə məqsədlərinə çatmaq üzrə olduqlarını bildirirdilər. Öz adamlarını dayandıraraq o, tək özü zirvəyə qalxdı və uzaqdakı dalğaları gördü. Elə burada Balboa diz üstə çöküb Allaha dua etdi ki, avropalılar arasında Cənub dənizini kəşf etmək ona nəsib oldu. 


Bir neçə gündən sonra dəstə yüksəklikdən enərək, okeanın sahilinə çıxdı, ispan humanisti və tarixçisi Bartolom Las Kasas "Hindi tarixi"ndə yazırdı: "Əlində qılınc və qalxan sinəyə qədər suya girən, Vasko Nunyes hamını şahidliyə çağırdı ki, o şəxsən dənizi görür və hiss edir və bunun üçün Kastiliya kralı adından Cənub dənizinin və ona yaxın torpaqların sahibi kimi onun bu hüquqlarını inkar edən hər bir kəsdən bu əraziləri qoruyacaq, ispanlar tezliklə yerli hindilərdən çoxlu qızıl və çox qiymətli mirvarilər əldə etdilər və bu qənimət ispanları Cənub dənizinin kəşfindən daha çox sevindirdi. Çünki, həmin Las Kasasın kədərlə bildirdiyi kimi, "onların hər yerdə və həmişə böyük həvəslə axtardıqları qızıl idi". 


Geriyə qayıdanda ispanlar böyük çətinliklərlə rastlaşdılar. Bir neçə adam acından öldü. 1514-cü il yanvarının 19-da beş aylıq yürüşdən sonra Vasko Nunyes Daryenə qayıtdı və tezliklə özünün görünməmiş kəşfi barədə hesabatı və çoxlu qızıl və mirvarini krala göndərdi. Kral Ferdinand Balboanın bütün keçmiş günahlarını bağışladı. Ona Panamanın adelantadosu fəxri adını hədiyyə etdi. Bu titul ona müəyyən ərazinin sahibliyindən çox istila yürüşlərində konkistadorların dəstələrinə rəhbərlik səlahiyyəti verirdi. Həqiqi hakimiyyəti isə bu torpaqların sahibi elan edilmiş bacarıqsız ispan aristokratı Pedrarias de Avila aldı. O, Balboaya, onun şəksiz bacarığına və uğurlarına görə nifrət edirdi. Öz növbəsində Vasko Nunyes həmişə əmr etməyə öyrəşdiyi üçün heç kəsə tabe olmaq istəmirdi. 


Qubernator və adelantado arasındakı münasibətlər günbəgün gərginləşirdi. Pedrarias Vasko yalan və şərdən istifadə edərək Nunyes Balboanı həbs etməyi əmr etdi. 1517-ci ildə İspaniya üçün Sakit okeanı kəşf edən adamın krala xəyanətdə günahlandırılaraq boynu vurulmuşdu, inklərin imperiyasını ələ keçirmək isə qəribə təsadüf nəticəsində Pedrariasın Balboanın həbsi haqqında əmrini yerinə yetirən Fransisko Pisarroya nəsib oldu.