Şeirlər

Rəsul Rza. Anamın laylası

Bu gecə yuxu gördüm.
Gördüm,
çörək dadı kimi tanış bir otaq.
Tavandan nənni asılıb.
Nənnidə bir uşaq.
Nənnidəki uşaq mən idim.
Layla səsi gəlirdi.

 

Ağ əlinin dırnaqları
qan qırmızı bir qadın
yelləyirdi nənnimi.
Nə anama oxşan vardı,
nə xatırladırdı nənəmi.
Anamın saçları qaraydı,
bununku yox.
Nənəmin gözləri alaydı,
bununku yox.
Anamın başında
kəlağayı olardı,
bununkunda yoxdu.
Nənəmin nəfəsi
Həmişə isti olardı,
bununku soyuqdu.
Mənə layla çalırdı qadın.
Aydın eşitsəm də laylanın səsini;
duya bilmirdim ahəngini, bəstəsini.
Birdən anamı gördüm
qucaqlayıb dizlərini oturmuşdu.
Əlləri qara, arıq.
Əllərinin göy damarları əyri-üyrü,
çubuq-çubuq.
Qışqırdım: ana, ana!
Bu necə layladır?
Bu nədir?
Qulaqlarımı didir,
qəlbimi göynədir.
Nə bəstəsi doğmadır mənə,
nə tanışdır sözləri.


Anam dinmədi.
Baxdım,
sakit göz yaşları
süzülürdü yanaqlarından.
Mənə qorxulu bir şey xəbər verirdi

onun qəm dolu gözləri.


Elə bil soruşurdu:
Oğul!
Hanı mənim laylam, hanı?
Səsim gəldikcə qışqırdım:
Ana! Ana!
Yox, yox!
Unutmamışam sənin laylanı.
Hələ də çırpınır qəlbim,
neçə vaxtdır mən yuxudan ayılanı.
Düşünürəm bu nə həyəcan,
bu nə qorxudur?
Bu ki yuxudur.
Öz-özümə deyirəm:
anamın laylası olmasa,
təəssüf etməzdim, yatıb
bir də yuxudan ayılası olmasam.