Görkəmli şəxsiyyətlər

Xarrat Qulu Məhəmməd

Xarrat Qulu Məhəmməd oğlu 1823-cü ildə Şuşa şəhərində anadan olub. O, bacarıqlı xarrat, həm gözəl səsli muğam ustası, həm də istedadlı şair idi. Sənətkar hər üç sahədə uğurlar qazanmışdı. Yusifi təxəllüsü ilə əsasən həm dini mövzuda, həm də lirik aşiqanə şeirlər, həcvlər, mərsiyələr, qəzəllər yazardı. Onun müasirləri ilə şeirləşməsi də məlumdur.

 

XIX əsrin sonunda Şuşa musiqi mərkəzinə çevrilmişdi. Burada 70-ə qədər sazəndə fəaliyyət göstərirdi. Məşhur musiqişünas Xarrat Qulu Şuşada musiqi məktəbinin yaradıcısı olub. O, məclisə gözəl səsi olan gəncləri cəlb edərək məhərrəmlik təziyəsini keçirmək üçün onlara muğamatı və oxumaq qaydalarını öyrədirdi. O zaman dini ənənələrdən başlıcası məhərrəmlik təziyəsi idi. Azərbaycanın hər yerində olduğu kimi, Şuşada da din xadimlərinin təhriki ilə dini mərasimlərə ciddi hazırlıq görülürdü.

 

Xarrat Qulunun öz şagirdlərini dini mərasimlərdə çıxış etməyə sövq etdirməsinə baxmayaraq, onlara şərq musiqisinin əsaslarını - muğamları, Azərbaycan xalq nəğmələrini də öyrədərdi.

 

Onun məktəbində xanəndələrin oxumaq tərzləri belə bir ümumi qayda və ənənəyə əsaslanırdı: Xanəndə dizi üstə oturub oxuyardı. Onlar çox gözəl qaval vurar, oxuyarkən tərpənməz, bəzən isə gözlərini də yumardılar.

 

Xarrat Qulunun musiqi məktəbi dinə xidmət məqsədi güdsə də, Azərbaycanda vokal və çalğı musiqisinin inkişafında mühüm rol oynamış, bir sıra ustad sənətkarların yetişməsinə səbəb olmuşdur. Şuşanın ən görkəmli xanəndələri Hacı Hüsü, Dəli İsmayıl, Şahnaz Abbas, Əbdülbaqi (Bülbülcan), məşhur tarzən Sadıqcan həmin məktəbin yetişdirmələridirlər.

 

Kərbəlayı Xarrat Qulu 1883-cü ildə 60 yaşında Şuşada vəfat etmiş və orada da dəfn olunmuşdur.