Xəbərlər

Bakıda və Lənkəranda “Sanco çərpələng yarışı” keçiriləcək

Yaponiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə əlaqədar “Yaponiya-Azərbaycan Dostluq İli” tədbirləri çərçivəsində Bakıda və Lənkəranda çərpələng yarışları keçiriləcək.

 

Yaponiyanın ölkəmizdəki səfirliyindən AZƏRTAC-a bildirilib ki, tədbir iyulun 23-də Lənkəran Şəhər İcra Hakimiyyətinin qarşısındakı meydanda, iyulun 24-də isə Bakıda Dənizkənarı Milli Parkda təşkil ediləcək. Bu məqsədlə Yaponiyadan 11 çərpələng ustası dəvət olunub. Yarış “Sanjo Kite Race” formatında keçiriləcək.

 

Çərpələng yarışında hər birində 5 nəfər olmaqla 2 komanda iştirak edəcək. İştirakçılar rəqibin çərpələngini yerə düşürtmək üçün mübarizə aparacaqlar.

 

Yarış üçün istifadə olunan çərpələnglər altıbucaqlıdır və bu, Sanco şəhərinin özünəməxsus atributudur. Hətta onların az küləkli şəraitdə belə səmada uçurdulması mümkündür və idarəsi rahatdır.

 

Qeyd edək ki, “Sanco çərpələng yarışı” 18-ci əsrdən etibarən davam edən ənənəvi festival olmaqla, Niiqata prefekturasının qeyri-maddi milli mədəni sərvəti kimi tanınır. Yarışda hər birində 5 nəfər olmaqla 2 komanda iştirak edəcək və oyunun qaydalarına görə rəqiblər bir-birlərinin çərpələnglərini yerə düşürtmək üçün mübarizə aparacaqlar. Yarış üçün istifadə olunan çərpələnglər altıbucaqlıdır və Sanco şəhərinin özünəməxsus atributudur. Hətta bu çərpələnglərin az küləkli hava şəraitində belə səmada uçurdulması mümkündür və idarəsi rahatdır. Tədbir zamanı 11 nəfər sənətkar tərəfindən “Sanco çərpələng yarışı” ilə bərabər, tamaşaçılara nümayiş etdirmək üçün çərpələng üzərində rəsmlərin çəkilməsi və çərpələnglərin uçurdulması təşkil ediləcək.

 

Həmçinin Azərbaycanda keçiriləcək tədbir üçün xüsusi hazırlanmış xatirə çərpələnglərinin Sanco Çərpələng Cəmiyyətinin sədri tərəfindən Lənkəran və Bakı Şəhər İcra Hakimiyyətləri nümayəndələrinə hədiyyə edilməsi planlaşdırılır.