Bu maraqlıdır!

Karbon haradadır

Planetdə bütün həyat karbonla bağlıdır. Bu element orqanizmlərin cisimlərinin təşkil olunduğu maddələrin tərkibinə daxil olur. O, heyvanlar, göbələklər, bitkilər və bakteriyaların əksəriyyəti nəfəs aldıqda karbon qazı (karbon iki oksid) şəklində ayrılır, fotosintez zamanı bitkilər tərəfindən udulur, dənizin dibində balıqqulağılarda və  əhəngdaşı süxurlarında yığılır, kömürün, neftin və qazın yandırılması zamanı atmosferə atılır.

 

Əgər yerdə yaşayan bütün orqanizmlərin cisimlərində olan karbonun miqdarını hesablasaq, 553 Gt rəqəmi alınar. Bu maddənin əsas kütləsi-550 Gt quruda, yalnız 3 Gt (ümumi miqdarın cəmi 0,5%-i) okeanda toplanmışdır. Karbonun böyük hissəsi yerdəki bitkilərin əsas “tikinti materialı” olan sellüloz və liqninin tərkibinə daxildir. 

 

Bitki toxumaları məhv olduqdan sonra bu maddələr tədricən parçalanaraq torpağın üzvi maddəsi olan humusa çevrilir. Humusun tərkibinə daxil olan karbon canlı orqanizmlərdə olan karbondan bir neçə dəfə çoxdur.

 

Okeanda, suyun üst qatlarında yaşayan kiçik orqanizmlərin - planktonların məhv olması nəticəsində detrit adlanan asılı üzvi maddə hissəcikləri əmələ gəlir. Bu hissəciklər bakteriyalarla örtülərək kiçik xərçənglər üçün  qiymətli yemə çevrilir. Detrit hissəciklərindən başqa okean sularında böyük miqdarda həll olmuş üzvi maddələr iştirak edir. Bunları karbona uyğun hesablasaq, 700 Gt rəqəmi almar ki, bu da dəniz orqanizmlərini yaradan cisimlərdəki karbondan 230 dəfə çoxdur. Lakin daha çox karbon -təxminən 42 mln Gt dəniz suyunda karbonat ionları və bikarbonatlar formasında həll edilmişdir.

 

Ancaq karbonun əsas ehtiyatları çökmə süxurlarında cəmlənmişdir. Burada o, iki formada - kerogenlərdə və karbonatlarda yerləşir. Kerogen - üzvi maddə olub orqanizmlərin yumşaq toxumalarının çox dəyişmiş qalıqlarıdır. Əhəngdaşı və dolomit, karbonatlardan (kalsium karbonat və maqnezium karbonat) ibarət olmaqla balıqqulağı və müxtəlif dəniz onurğasızlarının qalıqlarından əmələ gəlmişdir. Kerogenlərdə olan karbon 15 mlrd Gt, karbonatlarda isə 60 mlrd Gt miqdarında qiymətləndirilir.


Karbon,   CO2  (karbon qazı) molekullarının tərkibində, atmosferdə də mövcuddur. Burada onun ümumi miqdarı elə böyük olmasa da (canlı orqanizmlərdəkindən bir az artıq - 750 Gt) Yerdə həyatın saxlanılması üçün vacibdir. Belə ki, bitkilər üçün əsas karbon mənbəyi məhz  CO2 -dir.