Şeirlər

Ələmdar Quluzadə. Məhləmizin uşaqları

Qaçay qara oğlandı,
Həmişə qan-qan deyir,
Kəmalə nə danışsa
Bil ki, yalandan deyir.


Həqiqət həqiqəti
Deyə bilmir həmişə,
Zəngli saat hey yatıb
Şəfanı salır işə.

 

 

Minəxanım hirsləndi
Bilmir sözün sərhəddin,
Gün günorta olanda
Gözə dəymir Sədrəddin.


Ülviyyə musiqidə

Təzə istedad gəzir,
Şəhərin hər yerini
Azad çox azad gəzir.


Südabənin gözündə
Həyat elə həyətdi,
Bircə sözdən kövrəlib
Ağlayan Kifayətdir.


Nailə məhləmizə
Yeddi gündən bir düşür,
Ələkbər hamı ilə
Durub dör-dör döyüşür.

 

Gələn bizə xoş gəlir,
Gedən bizdən danışır.
Şəhərin tən yarısı
Məhləmizdən danışır.