Bu maraqlıdır!

Finikiya və Karfagen dənizçiləri

Aralıq dənizinin şərq sahilində, Sidon, Tir və digər şəhərdövlətlərdə yaşayan finikiyalılar öz səyahətləri barədə heç bir yazılı məlumat saxlamamışlar.

 

Lakin onları Atlantik okeanına çıxışın, Avropanın və şimal-qərbi Afrikanın sahillərinin bir çox adaların ilk kəşfçiləri hesab edirdilər. Peşəkar dənizçi olan finikiyalılar e.ə. Xll-X əsrlərdə sahildən çox da aralanmadan tədricən Aralıq dənizini keçdilər. Onlar qonşuları olan Qırmızı dəniz və İran körfəzinin sahibləri üçün ekspedisiya gəmiləri düzəldir və orada da xidmət edirdilər. E.ə. 609-595-ci illərdə misirlilərin nəzarəti altında onlar bütün Afrika sahillərini dolandılar.

 

Bu dəniz səyahətini Herodot ətraflı təsvir etmişdir: "Onların dediyinə görə (mən bunlara inanmıram), Liviya sahillərində üzəndə "Günəş onlardan sağ tərəfdə yerləşib. Beləliklə, birinci dəfə sübut edilib ki, Liviya dənizlə əhatə olunmuşdur". Herodot əbəs yerə onlara inanmırdı. Şərqdən qərbə üzən və Günəşi sağ tərəfdə, yəni şimalda görən Finikiya dənizçilərinin məlumatı onu təsdiq edir ki, onlar həqiqətən ekvatoru keçib, Afrikanı cənub tərəfdən dolaşmışlar. Bu səyahətin müddəti üç il çəkmişdir (bu materikin sahil xəttinin uzunluğu 30,5 min km-dir). Şimali Afrika şəhəri olan Karfagenin əsasını da finikiyalılar qoymuşlar. Lakin sonradan o, müstəqil və güclü dövlətə çevrildi.

 

Atlantik okeanında Azor adaları, Şimali Afrikada Atlas dağlarına aid ilk məlumatlara görə coğrafiya məhz, karfagenlilərə borcludur. Karfagendən olan tacir karvanları, müntəzəm olaraq, Böyük Səhradan keçib Niger çayına qədər gedirdilər. E.ə. Vll-V əsrlərdə Karfagen Afrikanın qərb Atlantik okeanı sahillərini və Pireney yarımadasının Aralıq dənizi sahillərini öz müstəmləkəsinə çevirmişdi. Buna baxmayaraq, indiki İspaniyanın ərazisində yerləşən Tartess dövlətinin əhalisi karfagenlilərin güclü rəqiblərindən idi.