Şeirlər

Səməd Vurğun. İki körpə

Birincisi oynaq, qayğısız xoş üz,
İncə bir musiqi andırır səsi.
Yaşar gözlərində canlı bir gündüz,
Ətrafı güldürür hər qəhqəhəsi.

 

Yox onun qəlbində nə qərəz, nə kin
Bütün varlığında bir hərəkət var.
Şahin baxışla olduqca kəskin,
Sarsıdamaz onu nə çovğun, nə qar.

 

Digəri daha xoş bir qız yavrusu,
Lalədən rəng alıb gülür varlığı.
Onun nə dərdi var, nə də qayğusu,
Qazanmış əsrindən bəxtiyarlığı,

 

Mən bu səhnəciyə inandım gerçək,
Var imiş həyatın xoş zamanları.
Bizdən daha parlaq günlər görəcək,
Bu yeni dünyanın qəhrəmanları.