Şeirlər

Qabil. Əsgər ayrılığı

Pәrişan görürәm şәkildә sәni,
Pәrişan olma!
Demә: “Unudurlar uzaq düşәni...”
Nigaran olma!
Bizdәn incimәyә haqqın olsa da,
İncimә tamam!
Әl boyda kağızda, gözün qalsa da,
Kövrәlmәz adam!
Yanında olsa da dostlar, tanışlar,
Bilirәm yenә dә ehtiyacın var
Qohum­qardaşa.
Giley­güzarını düşürәm başa.
Gün doğur, gün batır tutmuruq xәbәr,
Qayğılar... işlәr...
Güclü axın kimi aparır bizi,
Dağıdır, dağıdır diqqәtimizi.
Tamam unuduruq nә vaxtdan bәri,
Bir әsgәr darıxır bizdәn ötәri...
Tofiq, ayrılmışıq ildәn yuxarı,
Sәnsiz keçirmişik qışı, baharı.
Xәzәr sahilindә sәnsiz gәzmişik,
Kәhraba şanını sәnsiz üzmüşük.
Hәr addımbaşında görünür yerin,
Yox sayı­hesabı bu “sәnsiz”lәrin.
Qarmon çalmağını arzulayırıq...
Şirin barmağını arzulayırıq.

 

Lakin ayrılıq da, ayrılıq da var,
Tofiq, cürbәcürdür bu ayrılıqlar.
Sәnin ayrılığın şan­şöhrәtlidir,
Vәtәn qarşısında şәrafәtlidir.
Ana torpağına xәyanәt edib,
Yurdunu atmaqla cinayәt edib
Yad yerdә qalan da ayrılıqdadır.
Şәrәfsizlik edib, rәzalәt edib,
On beş il alan da ayrılıqdadır.
Bizdәn ayrı olsa yaxşıdır onlar.
Qardaş, ayrılıq da, ayrılıq da var.
Hәmişә keyfi kök, damağı çağ ol!
Sevincә yaxın ol, qәmdәn uzaq ol!
Ay әsgәr oğlan!
Gәlәr bir zaman,
Sәnә lazım olar o xatirәlәr,
Xatirә insanın ömrünü bәzәr,
Bu saat Bakıyçün darıxdığıntәk,
Bir gün gәlәcәk,
Hәmin yerlәr üçün darıxacaqsan.
İnsan tәbiәti belәdir, inan.
Ürәk ayrılığa qatlaşar, dözәr,
Görüşә inamla döyünsә әgәr.
Әsgәr andı kimi doğrudur bu söz
Qardaşım, tezliklә görüşәrik biz.
Sәnin ayrılığın şan­şöhrәtlidir.
Vәtәn qarşısında şәrafәtlidir.