Bu maraqlıdır!

İtaliyanın romantik sahili - Amalfi

Amalfi sahili, Sorrentin Peninsula yarımadasının kənarında, İtaliyanın Campania bölgəsində yerləşən qeyri-adi dərəcədə gözəl bir məkandır.

 

Bölgə Aralıq dənizinin firuzəyi mavi, köpüklü sularına doğru uzanan sıldırımlı qayaları ilə tanınır. Sahil xətti boyunca möhtəşəm yarğanlar, romantik körfəzlər və zəngin bitki örtüyü yer alır. Füsunkar kiçik evlər dənizə doğru bir-birinin ardınca sıralanır.

 

Şairlər, filosoflar, aktyorlar, musiqiçilər, rəssamlar və yazıçılar Amalfi sahili boyunca istirahət edərək əsrarəngiz yaradıcılıq inciləri ərsəyə gətiriblər. Hələ XVIII əsrdə alman yazıçısı və şairi Yohann Volfqanq Gote buranın gözəlliyi haqqında yazıb. Bu gün də Amalfi yaradıcı beyinlər üçün əvəzolunmaz bir məkandır.

 

Qeyd edək ki, Amalfi sahili İtaliyanın ən əhəmiyyətli turizm mərkəzlərindən biridir. Burada ən qədim abidə 937-ci ilə aid müqəddəs Endryuya həsr olunan kilsədir. Yay mövsümünün ən isti aylarında bu kiçik şəhər dünyanın hər yerindən turistlərlə dolur. Amalfi sahilini ziyarət etmiş hər kəs buranın İtaliyanın ən gözəl sahil ərazilərindən biri olmasını qeyd edir.