Bu maraqlıdır!

Adi gözlə görünməyən kiçik əşyaları necə görmək olar?

Təbiətdə dağlar kimi böyük obyektlərlə yanaşı, insan gözü ilə seçilə bilməyən mikroblar kimi çox kiçik şeylər vardır. Onları görmək üçün biz mikroskop adlanan xüsusi optik cihazdan istifadə edirik. Öz linzalarının köməyi ilə mikroskop əşyanın şəklini milyon dəfələrlə böyüdə bilər. Hələ XV əsrin ortalarında insanlar linzalardan və ya böyüdücü şüşə-lupadan istifadə edirdilər. Ancaq ilk mikroskop XVI əsrdə Flandriyada (bu indi Niderland adlanan dövlətdir) ixtira edilib.


Mikroskopun kim tərəfindən ixtira edilməsi dəqiq məlum deyil, belə hesab edirlər ki, onlar holland optika ustaları Zaxariya Yansen, Hans Lipperşey və Kornelius Drebbel olub.


XIX əsrdə Ernst Abbe yeni elmi nəzəriyyələrin köməyi ilə bu aləti təkmilləşdirərək optik sistemi daha da yaxşılaşdırdı. Mikroskopun köməyi ilə insan mikroskopik obyektləri, yəni adi gözlə görünməsi mümkün olmayan mikroorqanizmləri, hüceyrələri və materiyanın çox kiçik hissələrini tədqiq edə bilər. Məhz mikroskopun köməyi ilə təbiətin və canlı aləmin, insan bədəninin quruluşunun və s. sahələrin öyrənilməsində çoxsaylı kəşflər edilmişdir.