Xəbərlər

20 sentyabr- Azərbaycanda Neftçilər Günüdür

Bu gün “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında” Dövlət Neft Şirkəti (SOCAR) ilə dünyanın aparıcı neft şirkətləri arasında müqavilə imzalanmasından 29 il ötür. Ümummilli lider Heydər Əliyevin 2001-ci il 16 avqust tarixli Sərəncamına əsasən, müqavilənin imzalandığı tarix – 20 sentyabr Azərbaycanda Neftçilər Günü kimi qeyd olunur.

1994-cü il sentyabrın 20-si müstəqil Azərbaycan dövlətinin inkişafında tarixi, mühüm bir gün oldu. Həmin gün xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və bütün dünyada "Əsrin müqaviləsi" adı ilə tanınmış neft kontraktları imzalandı. Bu kontraktlar Azərbaycanın neft və yeni iqtisadiyyat tarixinin şanlı səhifəsini açdı.


Azərbaycan ilk dəfə idi ki, 6 ölkəni təmsil edən dünyanın məşhur 10 xarici neft şirkəti ilə belə böyük miqyasda saziş imzalayırdı. Bu saziş Xəzər dənizində beynəlxalq əməkdaşlığın əsasını qoydu, xarici sərmayədarların Azərbaycana axınını sürətləndirdi. "Əsrin müqaviləsi" həm də Azərbaycanda yeni neft-qaz kontraktlarının bağlanmasına güclü təkan verdi.


"Əsrin müqaviləsi" tezliklə öz bəhrəsini verdi. 1997-ci il noyabrın 12-də "Çıraq-1" platformasında "Əsrin müqaviləsi" üzrə ilkin neftin hasilatına başlandı. 2005-ci ilin fevralında isə "AzəriÇıraq-Günəşli" yataqlarının Mərkəzi Azəri hissəsində ilkin neftin hasilatına başlandı.


Ölkəmizin neft strategiyasının əsas istiqamətlərindən biri Azərbaycan neftinin və qazının dünya bazarına nəql edilməsindən ibarətdir. Bu sahədə "Bakı-Tbilisi-Ceyhan" Əsas İxrac Boru Kəməri layihəsinin hazırlanması və reallığa çevrilməsi mühüm rol oynayır. Bu layihənin də baş memarı, onun bünövrəsini qoyan, həyata keçirilməsinə şəxsən rəhbərlik edən Heydər Əliyev olmuşdur.


1998-ci ildə Ankarada Azərbaycan, Türkiyə və Gürcüstan Prezidentləri "Bakı-Tbilisi-Ceyhan" Əsas İxrac Boru Kəmərinin inşa edilməsi haqqında ilk saziş imzaladılar. ATƏT-in İstanbul sammitində (1999, 18 noyabr) ABŞ prezidenti Bill Klintonun iştirakı ilə Azərbaycan, Qazaxıstan, Gürcüstan və Türkiyə Prezidentləri tərəfindən layihənin dəstəklənməsinə və qısa müddətdə həyata keçirilməsinə yönəlmiş İstanbul Bəyannaməsi imzalandı.


2002-ci il avqustun 18-də Səngəçal terminalında "Bakı-Tbilisi-Ceyhan" Əsas İxrac Boru Kəmərinin təməli qoyuldu. Bu böyük layihə artıq reallığa çevrilmişdir. 2005-ci il mayın 25-də kəmərin Azərbaycan, 13 oktyabrında isə Gürcüstan hissələrinə ilkin neftin doldurulması mərasimi keçirilmişdir.

 

2017-ci il ölkəmiz üçün 2 milyardıncı ton neftin hasil edilməsi ilə əlamətdar oldu. Milyardıncı ton Azərbaycan nefti 1971-ci il martın 28-də çıxarılmışdı. Neftin ilk milyard tonunu hasil etməkdən ötrü Azərbaycan neftçiləri bir əsrlik yol keçdilər. Lakin neftin ikinci milyard tonunu çıxarmaq üçün isə qəhrəman neftçilərimizə yarım əsrdən də az bir vaxt – 46 il kifayət etdi.


Bu uğurlar, eyni zamanda Azərbaycan neftçilərinin fədakar əməyindən, zəngin təcrübəsindən və peşəkarlığından qaynaqlanır. Neftçilərimiz bütün dövrlərdə öz fədakarlığı, peşəkarlığı ilə cəmiyyətdə çox böyük hörmət qazanıblar. Onların qəhrəmanlığını vəsf edən şeirlər yazılıb, mahnılar bəstələnib, filmlər çəkilib. Neftçi əməyini yüksək qiymətləndirən ulu öndər Heydər Əliyevin Fərmanına əsasən “Əsrin müqaviləsi”nin imzalandığı gün – 20 sentyabr ölkəmizdə həm də neftçilərin peşə bayramı kimi bayram edilir.