Şeirlər

Mirmehdi Seyidzadə. Tər çiçəklər

Bir dəstə təzə çiçək

Qoyulmuşdu güldana.

Evdə ətir saçırdı

Tər çiçəklər hər yana.

 

Maraqla yaxınlaşdı

Güldana kiçik Gülər.

Qızın xoşuna gəldi

Rəngbərəng incə güllər.

 

 

Yalvardı anasına

Qızcığaz dönə-dönə:

- Ana götür güldandan

O gülləri ver mənə.

 

Ana dedi: Güldanın 

Qabağında dayan bax!

Qızım, evdə nə görsə,

Əl atmaz ona uşaq.

 

Öz sözünün üstündə

Gülər inadla durdu,

Dirənib, ayağını

O tez-tez yerə vurdu.

 

Ana gülü vermədi,

Dedi: - Sus, Gülər, bəsdir

Özünü nahaq yorma,

Bu inadın əbəsdir.

 

Qızı kövrəkləndirdi

Anasının sözləri

Həyəcandan yaşardı,

Onun qara gözləri.

 

- Beş günlükdür bu güllər!

Gəl, qızın ürəyini

Sındırma, ay Münəvvər.

 

Ana dedi: - Bilirəm.

Solub gedər gül-çiçək...

 

Gülü versəm, bir anlıq,

Qızım olar sevincək;

Lakin bu şıltaqlığı

Çıxmaz onun yadından.

Gülər ömrü boyunca

Dönməz öz inadından.