Atalar sözləri

Burda mənəm, Bağdadda kor Xəlifə

Heç kәslә razılaşmayan, heç kimi bәyәnmәyәn, öz bildiyindәn әl çәkmәyәn təkəbbürlü adamlara münasibətdə istehza ilə işlәdilən ifadə


Bağdad xәlifәlәrinin acınacaqlı taleyinә işarә olan bu ifadәnin yaranması konkret tarixi faktlara әsaslanır.

 

Mәlum olduğu kimi, X әsrin әvvәllәrindәn başlayaraq xilafәt üstündә gedәn mübarizәlәr nәticәsində bəzi xəlifələr hakimiyyətdən uzaqlaşdırılır, cəzalandırılırdı. Çox hallarda ən ağır cəza kimi gözlәri çıxarılırdı. Belə ağır cəzaya məruz qalmış ilk xəlifə taxtdan salındıqdan sonra kor edilmiş əl-Qahir idi. O, könüllü surәtdә taxtdan әl çәkmәdiyi üçün kor edilmiş və 17 il dilәnçi vәziyyәtindә yaşamışdı.

 

Xәlifә əl-Mütəkki isә kor edilәndәn sonra 24 il yaşamışdı. Ondan sonra taxta çıxmış xəlifə əl-Müstәqfinin dә gözlәri çıxarılmışdı. Bəzi kor xəlifələr düşdükləri ağır vəziyyətə baxmayaraq hakimiyyətə qayıtmaq ümidlərini itirmirdi.

 

Təbii ki, onların mənasız inadkarlığı gülüşlə qarşılanırdı.