Bu maraqlıdır!

Vinni Puh və onun həyatı

Uşaqların sevimli cizgi qəhrəmanlarından biri olan Vinni Puhun maraqlı tarixçəsi var.

 

Səyahət zamanı Harri adlı bir zabit ovçunun ana ayını öldürdüyünü görür. Tək qalan ayı balasına Harrinin rəhmi gəlir. O, ayı balasını ovçudan alır. Kiçik ayını çox sevən zabit ona doğma şəhəri Vinnipeqin adını verir.

 

Ayıya qulluq edə bilməyəcəyini görən Harri onu London zooparkına verir. Vinni zooparkın ən sevilən sakini olur. Zooparkda hamı ayı balasını nəvazişlə "Vinni" çağırır.

 

O dövrdə Londonda Alan Miln adlı bir yazıçı yaşayırdı. Bir gün o, oğlu ilə zooparka gəlir. Dördyaşlı Robin Vinnini çox bəyənir. Atası Robinin ad günündə ona Vinniyə bənzəyən oyuncaq ayı hədiyyə edir. Uşaq bu oyuncağı Vinni Puh adlandırır.

 

Robin hər gün maraqlı macəralar düşünürdü. Sevimli ayı isə onun qəhrəmanına çevrilirdi. Robinin oyunlarını maraqla izləyən atası bu macəraları qələmə alır. Sonralar onun yazdığı əsər əsasında cizgi filmi çəkilir. Beləliklə, Vinni Puh dünyada bütün uşaqların sevimli qəhrəmanı olur.

 

Əsərin digər qəhrəmanları – Danqaburun (donuz balası), İa-ia (uzunqulaq), Kenqa və Balaca Ru (kenquru), Pələng də Robinin oyuncaqları olub. Yalnız iki obrazı – Dovşan və Bayquşu yazıçı özündən uydurub.