Mədəni irsimiz

Şuşa xalçaları

Şuşa xalçalarının tarixi XVIII əsrin ikinci yarısına, Şuşanın təsis edilməsindən sonrakı dövrə təsadüf edir.

 

XVIII əsrin ikinci yarısından etibarən Qarabağın xalça istehsalı əsasən Şuşa şəhərində mərkəzləşir. Toxuduğu xalça və palazların sayı və keyfiyyətinə görə Şuşa XIX əsrdə Qarabağda birinci yeri tuturdu. İncəliyi, zərifliyi, rəngarəngliyi ilə seçilən “Ləmpə”, “Qoca”, “Bulud” xalçaları və “Dəst xalı-gəbə” kimi xalça dəstləri burada toxunub.

 

Şuşa xalçaları xovunun hündür olması, əlvan, şux koloritli, çox nazik, incə, xüsusən də dəst xalı-gəbə kimi iri ölçülü xalçaların toxunması ilə seçilir. Şuşa xalçalarını səciyyələndirən cəhət təbii boyaq maddələrin xalçalara verdiyi parlaqlıq, şux rəng palitrasıdır.

 

Bir qayda olaraq bu ərazilərdə xanlara məxsus böyük sarayların və iri malikanələrin bəzədilməsi üçün böyük ölçülü xalılar toxunmuşdur. Buna nümunə olaraq, cüt “kənarə”, “başlıq”, “ayaqlıq” kimi beş hissədən ibarət “xalı-gəbə” dəstlərini misal çəkmək olar. Bu dəstlərin toxunmasında, əsasən, “Ləmpə”, “Qoca”, “Balıq”, “Buynuz”, “Açma-yumma”, “Bulud” kimi geniş yayılmış çeşnilərdən istifadə edilib.

 

Şuşa həm də ipək xalçaları ilə şöhrət qazanmışdır. İpək xalçalar, əsasən, mötəbər şəxslər, zadəganlar üçün sifarişlə və ya ixrac məqsədilə toxunurdu.

 

Neçə-neçə minilliklərə, uzun-uzun əsrlərə bələdçilik edən Şuşa xalçaları bu gün dünya mədəni irs siyahısına daxil olan Azərbaycan xalçalarının bir qolu, Qarabağın özü kimi ayrılmaz tərkib hissəsidir.