Şeirlər

Zeynal Cabbarzadə. Vətənim

Biri Vətənə canım dedi,
Biri gözüm dedi,
Biri şirin sözüm dedi,
Hərə bir ad verdi,
Hərə bir şeydə gördü
Vətəni.
Mən səni, ey qədim, müqəddəs
torpağım,
Azərbaycanım,
nə canım,
nə gözüm,
nə sözüm,
çağırıram.
Vətənim! Vətənim!-
deyə bağırıram.
Canım bu gün var,
Sabah yox.
Gözüm bu gün var,
Sabah yox.
Sözüm bu gün var,
Sabah yox,
Sən isə
həmişə varsan,
ulu babalardan
hələ doğulmamış,
Ancaq
doğulacaq
kötükcələrə
yadigarsan!
Müqəddəs beşiyim
Olmusan,
Əbədi məzarım
Olacaqsan mənim!
Vətənim, Vətənim
Vətənim!