Şeirlər

Fikrət Sadıq. Ucal, bayrağım!

Türkün ömür möhürüdür,
Zəfər tarixidir
Onun üstündəki Ay- ulduz,
Bu möhürlə tanı bizi!
Yerə baxan-
yerə yaxın
alt zolağı- yaşıl.
Təzəcə cücərmiş taxıl,
çiçəkli çöl- çəmən,
barlı bağlar.
Qalın ormanlar, meşələr,
məğrur dağlar,
Ana yurd, Ana torpaq,
Ana Vətən.
Dinclik, gənclik, təmizlik.
İslam ümmətinin sevdiyi rəng.
Ey öz doğma ocağına
Bir də qayıtmış
Üç rəngli bayrağım, ucal!
Ucal başımızın üstündə,
Ucal bütün ölkələrdə
Özgələrə tanıt bizi,
Əsarətdən azad olmuş
ölkəmizi!