Görkəmli şəxsiyyətlər

Əlisöhbət Sumbatzadə

Əlisöhbət Sumbat oğlu Sumbatzadə 1907-ci il yanvarın 21-də Bakıda anadan olmuşdur. 1926-cı ildə Azərbaycan Dövlət Universiteti (indiki BDU) Şərqşünaslıq fakültəsinin tarix-etnologiya şöbəsinə daxil olmuş, 1930-cu ildə təhsilini başa vurmuşdur. Ə. Sumbatzadə 1930-cu ildə fəlsəfə doktoru, 1948-ci ildə elmlər doktoru, 1954-cü ildə professor elmi adını almış, həmin il Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1958-ci ildə isə həqiqi üzvü seçilmişdir. Ə. Sumbatzadə 1957-1959-cu illərdə Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti, 1959-1963-cü illərdə İqtisadiyyat İnstitutunda şöbə müdiri, 1963-   1969-cu illərdə Yaxın və Orta Şərq Xalqları İnstitutunun, 1970-1972-ci illərdə Tarix İnstitutunun direktoru, 1970-1981-ci illərdə Azərbaycan Elmlər Akademiyası İctimai Elmlər Bölməsinin akademik-katibi     olmuşdur. 1982-1992-ci illərdə İctimai elmlər üzrə Elmi Məlumat Mərkəzində şöbə müdiri vəzifəsində çalışmışdır.

 

Ə. Sumbatzadə əsasən XIX–XX əsrin əvvəllərində Azərbaycanın sosial-iqtisadi tarixinin tədqiqatçısı kimi 3 cildlik “Azərbaycan tarixi” (Bakı, 1958-1965), “Azərbaycanın Rusiyaya birləşdirilməsi və onun   mütərəqqi iqtisadi və mədəni nəticələri” (Bakı, 1955), “SSRİ tarixi” (VI cild; Moskva, 1967), “Zaqafqaziyada Sovet hakimiyyətinin qələbəsi” (Tbilisi, 1971), “Böyük Oktyabrın tarixi təcrübəsi” (Moskva, 1975),   “Qeyri-kapitalist inkişaf yolu və müasirlik” (Ulan-Bator, 1977), “Böyük Oktyabr və Sovet Azərbaycanının iqtisadiyyatının və mədəniyyətinin çiçəklənməsi” (Bakı, 1977), “Müasir dövrdə Sovet Azərbaycanının   iqtisadiyyatının inkişafı” (Bakı, 1980), “Sovet tarix elmi 1975–1979-cu illərdə” (Moskva, 1980), “Azərbaycan xalqının etnogenezi” (Bakı, 1988) və s. kollektiv əsərlərin müəlliflərindən və redaktorlarından   olmuşdur. Ə. Sumbatzadənin elmi kadrların hazırlanmasında böyük xidmətləri olmuşdur. 


Ə. Sumbatzadə ölkə və beynəlxalq miqyaslı simpozium, konfrans və konqreslərdə (Daşkənd-1957, Moskva-1960, Tehran-1966, Düşənbə-1968, Moskva- Leninqrad-1970, Aşqabad-1972, Berlin-1973, Ulan-   Bator-1974, San-Fransisko-1975, Edinburq-1978, Buxarest-1980 və s.) məruzələrlə çıxış etmişdir. Ə. Sumbatzadə “Qırmızı Əmək Bayrağı” ordeni və müxtəlif medallarla təltif edilmiş, Azərbaycan SSR Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.
 
 

Əlisöhbət Sumbatzadə 28 yanvar 1992-ci ildə Bakı şəhərində vəfat etmişdir.