Görkəmli şəxsiyyətlər

Cəfər Xəndan

İrəvan xanlarının törəmələrindən olan Hacıyev Cəfər Zeynal oğlu1910-cu il mayın 8-də İrəvan şəhərində müəllim ailəsində doğulmuşdur.1918-ci ildə ailəsi Gəncəyə köçmüş, 1925-1929-cu illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil almışdır.

 

İnstitutun dil və ədəbiyyat fakültəsini bitirdikdən sonra 1932-1941-ci illərdə aspiranturaya daxil olmuş, eyni zamanda institutun ədəbiyyat kafedrasının assistenti, sonra dosenti kimi fəaliyyət göstərmişdir. M.F.Axundov adına Müəllimlər İnstitutunun dil və ədəbiyyat fakültəsinin dekanı, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun kafedra müdiri, Azərbaycan Elmlər Akademiyasının Dil və Ədəbiyyat İnstitutunda şöbə müdiri, həm də Azərbaycan Yazıçılar İttifaqında təşkilat katibi, «Ədəbiyyat qəzeti» redaksiyasının məsul katibi, «Gənc işçi» redaksiyasında ədəbiyyat şöbəsinin müdiri vəzifələrində işləmişdir.

 

1939-cu ildə namizədlik, 1948-ci ildə isə doktorluq dissertasiyaları müdafiə etmişdir. 1941-ci ildə səfərbərliyə alınmış, Cənub-Qərb, Şimali Qafqaz cəbhələrində siyasi şöbənin baş təlimatçısı, cəbhə qəzetlərində məsul redaktorun müavini olmuşdur. Ordu sıralarından tərxis olunandan sonra Azərbaycan Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasında dosent, eyni zamanda «Kommunist» qəzetində mədəniyyət və məişət şöbəsinin müdiri (1946-1947) işləmişdir. Universitetdə filologiya fakültəsinin dekanı (1947-1950), sonra rektoru (1950-1954) vəzifələrində çalışmışdır. 1954-1961-ci illərdə yenidən Azərbaycan Dövlət Universitetinin sovet ədəbiyyatı kafedrasının müdiri olmuşdur.


1961-ci ildə Bakıda vəfat etmişdir. Bakı küçələrindən biri onun adını daşıyır.