Təbiət

Nəhəng uçan sincab kuskus

Nəhəng uçan sincab kuskus (lat. Petauroides volans., ing Southern Greater Glider) Avstraliyanın şərq sahillərində, Kvinslendin şərqindən cənubi Viktoriyaya qədər uzanan ərazilərdə rast gəlinir. Kuskusun ikinci adı «Nəhəng uçan possum»dur. Bu məməli heyvan əsasən evkalipt meşələrində yaşayır və heç vaxt qitənin tropik yağış meşələrinə məskən salmır (əsasən şirin su hövzələrinin yaxınlığındakı meşələri seçir).


Nəhəng uçan kuskus yerin üstündə uça bilən kisəli məməlilərin ən irisidir. Bu heyrətamiz heyvanlar kiçik bir pişik ölçüsündədir və adətən 1-1,5 kq ağırlığındadır. Bədənin baş ilə birlikdə uzunluğu təxminən 300-380 mm, quyruğun uzunluğu isə təxminən 450-550 mm-dir. 


Onların uzun tüklü quyruğu, yuvarlaq gözləri, kiçik ağzı və böyük tüklü qulaqları var. Bədənindəki “uçuş pərdəsi” sayəsində kuskus ağacların zirvələri arasında 100 metrə qədər məsafəni qət edə bilir.


Nəhəng uçan kuskuslar yerdə olduqca yöndəmsizdirlər, lakin ağac və havada böyük çeviklik nümayiş etdirirlər.


Rəngi çox dəyişkəndir: çox vaxt bu heyvanlar qəhvəyi-qara rəngdədir, lakin onların rəngi bəzən krem, tünd qəhvəyi və boz tonlara, qırmızı, sarı və ya tamamilə ağ rənglərə qədər dəyişə bilər.


Nəhəng uçan possum adətən hündür ağacların çuxurlarında yuva qurur. Bəzən bu heyvan növü yuvasını təchiz etmək üçün quyruğunda tikinti materialı daşıyır. Erkək və dişi fərdlər balalar ana kisəsindən çıxana qədər ayrı yaşayırlar. Bu növün erkəkləri öz nəslinin tərbiyəsində heç bir rol oynamır və bu məsuliyyət tamamilə dişilərin üzərinə düşür. Nəhəng uçan kuskusun çoxalma mövsümü - mart ayında başlayır. Aprel və iyun ayları arasında dişi adətən yalnız bir bala dünyaya gətirir. Doğuşdan dərhal sonra bala ananın kisəsinə daxil olur. Dişi balasını təxminən sentyabr ayına qədər kisəsində daşıyır (bu vaxta qədər balanın çəkisi təxminən 150 q-a çatır), bundan sonra artıq daha inkişaf etmiş və daha güclü bala kisədən çıxaraq, ananın kürəyinə yapəşır. Yanvar ayına qədər (bu anda balanın çəkisi təxminən 600 qr) gənc nəhəng uçan possum tamamilə müstəqil olur.


Nəhəng uçan kuskus əsasən evkalipt yarpaqları ilə qidalanır və nadir hallarda su içir. Bağırsaqdakı xüsusi bakteriyalar bu çətin həzm olunan qidanın həzmini asanlaşdırır. Bu xüsusi pəhriz nəhəng sıçanları zooparklarda saxlamağı çox çətinləşdirir.
Yırtıcılar arasında bayquşlar, ehtimal ki, nəhəng uçan kuskus üçün ən təhlükəlidir. Bəzən bu heyvanları Avstraliyada yaşayan vəhşi it- dinqolar və tülkülər də ovlayır, lakin daha az dərəcədə bu baş verir, çünki nəhəng uçan kuskuslar yalnız ağac heyvanlarıdır.
Hazırda Avstraliyanın evkalipt meşələrinə, bu uçan məməlini öz gözləri ilə görmək istəyənlər üçün ekskursiyalar təşkil olunur. Bu nəhəng possumları xilas etmək üçün və yox olmasının qarşısını almaq məqsədi ilə Avstraliyanın ətraf mühit təşkilatları “kuskus turizmini” inkişaf etdirir. 


Possumlar əsasən Avstraliyada geniş yayılmışdır, lakin onlara Yeni Qvineya və Tasmaniyada da rast gəlinir. 2020-ci ildə elm adamları müxtəlif bölgələrdən olan 50 fərdin DNT-sini təhlil edərək belə nəticəyə gəldilər ki, kuskus adı altında üç müxtəlif növ gizlənir: biri çoxdan elmə məlumdur, daha ikisi isə araşdırmalar zamanı müəyyən edilib. Yeni öyrənilən növlər əsasən ölkənin mərkəzində və şimalında yaşayırlar. Xarici olaraq, heyvanlar bir-birinə o qədər bənzəyirlər ki, hətta 200 ildən çox müddət ərzində onlar bir növ olaraq hesab olunurdular.


Təbiətdə nəhəng uçan kuskus təxminən 15 ilə qədər yaşayır.