Mədəni irsimiz

Şuşa bəyləri

XX əsrin əvvəllərində Şuşada və Şuşa qəzasında 500-dən çox irsi bəy yaşayırdı. Şuşada daha məşhur bəy nəsilləri - Usmiyevlər, Ağaoğlular, Cavanşirlər, Mehmandarovlar, Uğurlubəyovlar, Qalabəyovlar, Misirxanovlar, Həsənbəyovlar, Mirzəlibəylilər, Əlibəyovlar, Bədəlbəyovlar, Ağayevlər, Sarıcalinskilər, Vəlibəyovlar, Nəsirbəyovlar, Bəylərbəyovlar, Ağabəyovlar, Zöhrabbəyovlar və Vəzirovlar olub. İran şahından titul alan bəylər əsilli-nəcabətli sayılırdılar, daha sonra Qarabağ xanları tərəfindən titul verilən bəylər gəlirdi. Demək olar ki, Şuşa bəylərinin hamısının torpaq sahələri, kəndləri, meyvə bağları, mal-qarası, qoyun sürüləri, at tövlələri və atçılıq təsərrüfatları var idi. Bəylər yayda Şuşada öz gözəl imarətlərində yaşayırdılar. Qışda bəziləri öz kənddəki mülklərində qalırdılar. Şuşa bəyləri iki qrupa ayrılırdı.

 

Birinci qrup Qarabağın yüksək milli mədəniyyətini saxlayan çox savadlı bəylər idi. Onlar Şuşanın mədəni həyatının inkişafında fəal iştirak edir, öz övladlarını hər vasitə ilə Avropa mədəniyyətinə cəlb etməyə çalışırdılar. Soyadlarını qeyd etdiyimiz Şuşa bəyləri bu qrupa aiddir.

 

İkinci qrup bəyləri isə Şuşanın mədəni və iqtisadi həyatı ilə az maraqlanırdılar, günlərini əyləncələrdə və cıdırda keçirirdilər. Bu qrup arasında pambıqçılıqla pul qazanan nuvoriş bəyləri də vardı. Onlara “pambıq bəyləri” də deyirdilər.

 

Müflisləşmiş və yarımmüflisləşmiş bəylər də var idi. Şuşada onları “pişxurd bəylər” və yaxud “quru bəylər” adlandırırdılar. Onlar camaatın gözündə öz bəy mənliklərini saxlamağa çalışırdılar.

 

Şuşa bəyləri böyük at həvəskarları idilər. Bəylərin əksəriyyəti atoynatma ilə məşğul olur və günün çox hissəsini at belində keçirirdilər. Şuşa bəyləri hərbi qulluğu sevir, zəngin silahları,hərbi qıvraqlıqları və intizamları ilə seçilirdilər. Döyüşlərdə onlar həmişə birinci olurdular.