Milli İncəsənət Muzeyində balacalar üçün tədbir – “Zəfərin mübarəkdir, ey Vətən!”
Noyabrın 8-i Azərbaycan tarixinin şanlı səhifəsinə - Qələbə Günü kimi qızıl hərflərlə yazıldı. Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə Azərbaycan Milli İncəsənət Muzeyində azyaşlı məktəblilər üçün “Zəfərin mübarəkdir, ey Vətən!” adlı tədbir təşkil olunacaq.
Tədbirin məqsədi məktəblilərə ölkənin tarixini, müstəqilliyini, suverenliyini təbliğ etmək, gələcək nəsillərə vətənimizin keşiyində layiqincə durmağa, müstəqil dövlətimizin qədrini bilməyə səsləməkdir.
Tədbir proqramı Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb, “Qələbə Günü” adlı mühazirə ilə davam edəcək. Uşaqlar seçimdən asılı olaraq Azərbaycan Respublikasının siyasi-inzibati xəritəsini “Puzzle-panno” şəklində və ya quruda, suda və havada daim Vətənin keşiyində dayanan Azərbaycan Silahlı Qüvvələrinin simvollarından ibarət kompozisiyanı quaş boyalarla rəngləyəcəklər. Eləcə də, Azərbaycan ordusunun zəfər simvolu kimi tanınan “Xarıbülbül” pannosunu, milli motivlərlə bəzədilmiş kompozisiyanı şüşə üzərində boyamaq fürsəti əldə edəcəklər. Habelə, azyaşlı qonaqlarımız “Mədəniyyətimizin incisi- Qarabağ” adlı tematik sərgi ilə tanış olacaq, Qarabağın xalça və xalça məmulatları, bədii tikmələr, milli geyimlər, məişət əşyaları ilə tanış olacaq, dilbər guşəmizin füsunkar təbiətinin təcəssüm olunduğu mənzərələrə səyahət edəcəklər.
03.11.2022