Şeirlər

Rəsul Rza. Buludlar

Sevirdim göy üzündə
buludlar çaxnaşanda,
Göz qamaşır
alov qamçıların işığından,
şimşəklər- odlu qılınclar
sıyrılanda
qara bulud - qınından.


Sevirdim...
dəli-dolu gur yağışları,
tarixi dünya qədər qədim,
İnsansız partlayışları.


Sevirdim...
Yenə şaqqıldayır göylər,
şimşəklər ətrafa işıq tökür.


Ancaq...
Nigaranlıqda susub sevincim.
Mənə elə gəlir ki,
hər yerə tökülür bu yağış,
fələstinü qaçqınların
güllələrdən dəlik-deşik,
çadırlı düşərgələrinə.
Hindistanın, Banqladeşin,
Venesuelanın
məcrasından çıxmış çaylarına.


Neçə yerdə
taxıl dəryasına ütü çəkir,
yerə qapadır
sütül dənli sünbülləri.
Ley vurmuş quş tükü kimi,
dağıdır Yaponiyada
gilənar çiçəklərini.


Əli qoynunda qoyur
Afrikada piqmeyləri -
səhra, meşə adamını.
Bu nə rəhmət yağışıdır,
tökülür dünyanın
torpağına, daşına.


Nə məhsul yağışıdır
təsəlli ola
neçə yerdə insanların
göz yaşına.
Hardasa tir-tir titrəyir
əyni çılpaq,
ayaqyalın uşaqlar.


Hardasa məktəbə gedə bilməyən
dərs həvəsli uşaq var.
İtirmişəm
bir zaman könlümü oxşayan
həvəsi, marağı.


Elə bil ki, indi
bu yağış qəlbimə yağır,
Fikrimi qovur
pərən-pərən.


Deyirəm:
- Nə yağışdan, şimşəkdən
insanlarda qorxu qalsın.
Nə arzular qırılsın,
nə ümid azalsın.
Dünyanın hər yerində
təbiət də, səadət də olsun
insan əmrində.