Bu maraqlıdır!

Qədim Cəmilə şəhəri

Cəmilə - Əlcəzairin Setif vilayəti yaxınlığında dağlıq ərazidə yerləşən, keçmiş adı “Kuikul” olan, qədim Roma şəhəridir. Şimali Afrikada ən çox Roma xarabalıqları məhz burada yerləşir. 1982-ci ildən Cəmilə xarabalıqları YUNESKO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilib.


Şəhərin əsası 96-97-ci illərdə Nervanın hakimiyyəti dövründə qoyulub. Cəmilə şəhəri Qədim Romanın bərbərlərlə mübarizəsi zamanı möhkəmləndirilmiş hərbi düşərgə kimi salınmış Kuikul şəhərinin yerində yaranıb. 


Şəhərin çiçəklənmə dövrü II əsrin ortaları – IV əsrə, Roma əyaləti Numidiyanın iri mərkəzi olduğu vaxta təsadüf edir. Qədim şəhərin ərazisi kvadrat formasında olub, burada iki əsas küçə bir-birinə perpendikulyar yerləşib və ərazini dörd eyni hissəyə bölünüb. İlk şəhər sakinləri imperiyanın uzunmüddətli xidməti üçün torpaq alan veteran legionerlər olub.


Cəmilə - Roma-planlı tikinti nümunəsi olub. Sonrakı dörd əsr ərzində şəhər inkişaf edib və çiçəklənib. Burada 5 min nəfər tamaşaçı yeri olan teatr binası - amfiteatr, hamamlar, forumlar, fəvvarələr və dəbdəbəli malikanələr inşa edilib. Cəmilənın amfiteatrı heyrətamiz akustikası ilə xüsusi diqqətə layiqdir: “Aşağıda dayanan şəxs kibriti vurarsa, kiçik bir partlayışla səs yuxarı pillələrə çatar”.


Rütubətli iqlimə görə şəhər yaşıllıqlarla əhatə olunub. Hər yerdə buğda yetişib zeytun bağları genişlənib və Əlcəzair o zamanlar- Romanın “çörək səbəti” sayılıb.


III əsrdə Cəmilə şəhərinin əhalisinin sayı 20 min nəfərə çatıb. 431-ci ildə vandallar tərəfindən tutulub, yalnız 533-cu ildə bizanslılar tərəfindən geri alınıb. Bizanslıların şəhərə azadlığı qaytarmasına baxmayaraq, insanlar tədricən oranı tərk edib - iqlim dəyişib və şəhər ərazisində səhra irəliləməyə başlayıb. VI əsrin sonlarında şəhərin tənəzzülü baş verib. 


1909-cu ildən etibarən Cəmilədə müntəzəm qazıntılar aparılır. Qədim şəhərin şimal hissəsində hər iki tərəfində sıra sütunlar olan enli döşənmiş əsas küçə, köhnə forumun, bazar, Venera məbədi və yaşayış evlərinin xarabalıqları aşkar olunub.


Antik kənd yaxınlığında arxeologiya muzeyi fəaliyyət göstərir. Burada Cəmilədən tapılmış antik mozaikalar, heykəllər, keramika və tunc əşyalar sərgilənir.