Xəbərlər

“Uşaq hüquqları aylığı” çərçivəsində silsilə tədbirlər keçirilib

 “Uşaq hüquqları aylığı” çərçivəsində silsilə tədbirlər keçirilib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası filialları ilə birgə “Uşaq hüquqları aylığı” çərçivəsində silsilə tədbirlər təşkil edib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirlərdə Uşaq Hüquqları Konvensiyası haqqında məlumat verilib.
Bildirilib ki, BMT tərəfindən qəbul edilmiş bu saziş dünyanın hər bir yerində yaşayan uşaqlara konvensiya ilə müəyyən edilmiş hüquqları təmin edir. Konvensiya uşaqların yaşaması və inkişafı üçün zəruri olan minimum standartları müəyyən edir. Uşaq Hüquqları Konvensiyasının 54 maddəsinin hər birində ayrı-ayrı hüquqlardan danışılır. Burada inkişaf hüquqları, müdafiə hüquqları, iştirak hüquqları, yaşamaq hüquqları əhatə olunur.
Yasamal rayon MKS-nin 1 nömrəli filialının əməkdaşı Aytən Məmmədova “Uşaq hüquqları aylığı” ilə əlaqədar 173 nömrəli orta məktəbin şagirdləri üçün bu mövzuda geniş məlumat verib. O qeyd edib ki, tədbirlər bir qayda olaraq, uşaqların sağlam həyatı, tərbiyəvi əhəmiyyətli mühitdə böyüməsi, parlaq gələcəyi üçün nəzərdə tutulub. Bununla yanaşı kitabxanaçı, Uşaq Hüquqları Konvensiyasının hər bir uşaq üçün ayrıca çoxşaxəli faydalı fəaliyyət istiqamətlərindən danışıb.
MKS-in 4 nömrəli filialının əməkdaşları azyaşlı oxucuların iştirakı ilə kitabxananın yaxınlığındakı Yasamal şəhidləri parkında “Uşaq hüquqları haqqında” adlı tədbir keçiriblər. Filial müdiri Aynur Babayeva 20 noyabr 1989-cu ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının qərarı ilə qəbul olunmuş Uşaq Hüquqları Konvensiyası barədə tədbir iştirakçılarına məlumat verib.
Mərkəzi Kitabxanada “Uşaq hüquqları aylığı” çərçivəsində uşaqların rəsm sərgiləri də açılıb. Eyni zamanda uşaqların ekoloji biliklərini artırmaq, onlara təbiəti sevdirmək məqsədilə uşaqlarla birgə “Hər uşaq bir çiçəkdir” başlığı altında güllər əkilib.
Daha sonra uşaqların kitablara olan maraq dünyasını yoxlamaq məqsədilə “Xəbər alaq” adlı rubrika keçirilib. Uşaqlar görkəmli uşaq şairi İlyas Tapdığın şeirlərindən nümunələr söyləyiblər.