Yumor

Hakimin paltarı

Bir gün şəhər hakimi Mollanı çağırıb deyir:


– Orada-burada ağzına gələn hərzə-hədyanı danışıb bizi biabır eləyirsən. Bunların hamısını sənə bağışlayıram. Amma gərək bunların əvəzində bu gecə bir şeir yazıb, sabah məclisdə oxuyasan.


Molla nə qədər deyir ki, "mən şair deyiləm", – hakim qulaq asmır.


Molla bilir ki, hakimin məqsədi onu şairlər məclisində qızartmaqdı. Gecəni oturub vəznsiz, qafiyəsiz, mənasız, tartan-partan bir şey qaralayır.


Səhər məclis yığılır. Məddah şairlərin hərəsi uzun bir qəsidə oxuyur. Hər qəsidə üçün hakim xələtlər verir, pullar bağışlayır. Növbə gəlib Molla Nəsrəddinə çatır. Molla heç özünü pozmadan qaraladığını oxuyur. Hamı dodaq büzür, gülür, istehza eləyir.

 

Molla qurtarır. Hakim deyir:


– Çox gözəl yazıbsan. Elə doğrudan da öz adına layiqdi.


Sonra işarə eləyir.Fərraşlar bir eşşək palanı gətirirlər. Hakim deyir:


– Götür! Bu şerinə görə bu xələti də sənə hazırlatdırmışam.


Bütün məclis gülüşməyə başlayır. Molla heç halını pozmadan palanı götürür, sonra hakimə baş əyib deyir:


– Görürəm ki, mənim əsərim sizin lap ürəyinizdən olub, hakim ağa!


Hakim deyir:


– Elədi ki, var Molla! Bu gün burada oxunan əsərlər içərisində hamısından çox səninki xoşuma gəldi.


Molla deyir:


– And içmə, inanıram. Əgər elə olmasaydı, özünün ən yaxşı paltarını mənə bağışlamazdın ki...