Mirmehdi Seyidzadə. Qoruqda
Ana yurdun torpağında,
Meşələrin qucağında,
Səhər-səhər gəzirdim mən
Yazın gözəl bir çağında.
Qanadlanıb uçdu xəyal,
Öz-özümə verib sual
Soruşdum ki, bəs hardadır?
Bu yerlərin gözü maral?
Elə bu an qaça-qaça
Buynuzları haça-haça
Maral gəldi, onu görcək
Az qaldı ki, könlüm uça.
Ovçu kimi pusquda mən
Seyr elədim onu gendən
Elə bil ki, camalından
Gözəlləşdi çayır, çəmən.
Min rəng aldı hər gül-çiçək...
Bulaq üstdə dayandı tək.
Su içəndə baxdı maral
Ətrafına ürkək-ürkək.
Bir az getdim mən qabağa,
Yaxınlaşdım daş bulağa.
Xışıldadı şehli otlar
Maral baxdı sola, sağa.
Bu an ürküb o, hənirdən,
Dönüb gördü məni birdən,
Göz açınca-bir ox kimi
Sıçrayaraq qopdu yerdən.
24.11.2022