Şeirlər

Məmməd Aslan. Sona bülbüllər

Ay bu bağın gülü qönçə,

Süsən-sünbül pəncə pəncə,

Ürək coşar göz görüncə

Sona bülbüllər.

 

Bu nə ündü, bu nə səsdi!

Sədasından yer-göy əsdi

Kim əhdindən ayaq kəsdi,

Sona bülbüllər?

 

Bir sel daşdı, dizə çıxdı,

Bu sel dağlar yıxacaqdı..

Bu nə hirsdi, nə acıqdı,

Sona bülbüllər?!

 

Bu nəğmə çeşmədi yoxsa,

Qəlbimiz təşnədi yoxsa,,

Buludlar kişnədi yoxsa,

Sona bülbüllər?

 

Gül odlanar, nə cəh-cəhdi,

Bülbüllərin nədi cəhdi,

Yoxsa Qədir zilə çəkdi,

Sona bülbüllər?

 

Kim tərpətdi büllur dağı-

Cingildədi neçə tağı.

Nəğmələrin göy qurşağı

"Sona bülbüllər".

 

Qədir Rüstəmova