Şeirlər

Zahid Xəlil. Ulduzlar

Göyün mavi üzündə
Gör nə qədər ulduz var.
Qorxuram bir - birinə
Dəyər, sınar ulduzlar.


Ulduz var düymə - düymə
Ulduz var damla - damla.
Göz qırpıb söhbət edir
Bu ulduzlar adamla.

 

 

Yaşar, Vüqar, Şəlalə,
Gülnur, Zəlihə, Lalə...
Bu balaca ulduzlar
Ulduzlardan danışır:


- Ulduzlar dənizdəki
Balıqların gözüdür?!
 - Yox göydə tonqal yanıb
Parıldayan ulduzlar
O tonqalın közüdür.


- Saymaqla da qurtarmaz
Neçə yüzdür ulduzlar.
Bəlkə elə nə közdür,
Nə də gözdür ulduzlar?!
Günəş ucsuz göylərə

 

Muncuq səpələyibdi.
Ya da ki, Ay səmada
Buğda xəlbirləyibdi?!
Atam deyir insanlar
Uça bilər ulduza.


Bəs niyə dayanmışıq
Onda gəlin, biz uçaq
Səhər - səhər ulduza.
Ucadan dindi Vüqar
Sevindilər uşaqlar.


O parlaq ulduz mənim,
Yekəsi Şəlalənin,
Balacası Gülnurun,
Gözvuranı Lalənin,
Bax o ulduz oxşayır
Zəlihənin gözünə.


Onu da bağışlayaq
Dəcəl qızın özünə.
Ulduzların altında
Altı ulduz danışır.
Göyün yeddi qatında
Ağ ulduzlar sayrışır.


Körpələr ulduzlara
Baxır məhəbbət ilə.
Ulduzlar körpələrə
Göz vurur həsrət ilə.