Şeirlər

Rəsul Rza. Azərbaycanlı döyüşçülərə

Sizədir sözüm mənim, eloğlu, doğma qardaş!
Yaranan tarix üçün səhifədir bu savaş.


Sabah qışsız, boransız bir bəyat qurulanda,
Bu girdabın suları ayna tək durulanda,
Qalib çıxan xalqların böyük təntənəsində
Pərdə-pərdə qoy axsın sənin məğrur səsin də!


Ürəyi bölmək olmaz bu yaxın, uzaq, deyə.
Yurdu ayırmaq olmaz bu dərə, bu dağ, deyə
Bəlkə də Murovdağın daha yüksəkdir başı.
Çadırdağ dura bilməz Qoşqarımla yanaşı.


Ancaq alıb torpağı ovucunda qoxlasan,
Ana Vətən qoxusu yayılar dörd bir yana,
Kotana həsrət çəkir bu dərələr, bu dağlar,
Yazdır, calaq gözləyir tez oyanmış budaqlar.


Qaranquşlar qayıdıb axtarır yuvasını.
Barıt iyi bürüyüb Krımın havasını.
Qızıl bir pələng kimi günəş yatır sulara.
Krım üfüqlərində açılmış qanlı yara.


Qafqaz bir xəzinədir, açarı Krımdadır;
Suyu, yeri, havası yoxlasan Krımdadır.
Məsəl var: kəssə əgər Ovxarlanmış bir bıçaq
Beş barmağın hansını, göynəyib ağrıyacaq.


Sənin evin var indi, öz dilin var, adın var,
Anan, oğul-uşağın, sevimli arvadın var.
Azad torpaqlarında azad nəfəs almısan.
Sarı simli sazında öz mahnını çalmısan.


Əsrlərdən çıxarıb qızıl, nurlu səhərə
Şerini, sənətini göstərmisən ellərə.
Öz doğma balan kimi böyüdüb kolxozunu,
Sən asfaltla silmisən yollarının tozunu.


Sevinmisən, gülmüsən hər yeni fabrikançın,
Dağda məktəb açmısan yapıncılı çobançın.
Hamı hörmət bəsləyib cavanına, qarına,
Ğmrü keçmiş ananın ağ gümüş saçlarına.


İndi bir taun kimi ölümdən yol salaraq,
Düşmən qarşıda durmuş əlində qanlı yaraq,
Məzarlığa döndərib elini, oylağını,
Viran qoymaq istəyir məhsullu torpağını.


Qurudub bulaqları qan axıtmaq istəyir.
Şəhər küçələrində meyitdən dağ istəyir.
Bəşərin tarixindən silib sənin adını
Rüsvay etmək istəyir qızını, arvadını...


İstəyir unudasan Vaqifin nəğməsini,
Bulaq kimi çağlayan doğma dilin səsini.


O sənin torpağında istəyir olsun ağa,
Çökdürüb dizi üstə səni quru torpağa,
Torpaq ki hər qarışı sulanmışdır tərinlə,
Hər otu, hər ağacı bəslənmiş əllərinlə,
Vətən tapşırdı sənə azadlıq bayrağını,
Verdi məhəbbətini, dedi: məhv et yağını!
Vuruş ki, bu gün-sabah qalib gələndə yurdun
Hamı bilsin ki, sən də vətəni qoruyurdun!