Görkəmli şəxsiyyətlər

Kərim Kərimov

Kərim Abbasəli oğlu Kərimov-general-leytenant, Sosialist Əməyi Qəhrəmanı-14 noyabr 1917-ci ildə Bakıda doğulmuşdur. 1942-ci ildə Azərbaycan Dövlət Sənaye İnstitutunun energetika fakültəsini, 1943-cü ildə Hərbi Artilleriya Akademiyasını bitirmişdir. 1943-1945-ci illərdə reaktiv mərmilər buraxan Moskva zavodlarında hərbi nümayəndə olmuşdur. 1945-ci ildən 20 il SSRİ Müdafiə Nazirliyinin aparatında müxtəlif vəzifələrdə işləyərək, böyük mühəndisdən kosmik vasitələr idarəsinin rəisliyinə qədər yüksəlmişdir. 1965-ci ildə sahə sənaye nazirlikləri yarandıqda K. Kərimov Ümumi Maşınqayırma Nazirliyində baş kosmik idarəsinə rəhbərlik edir. O illərdə sovet sənayesi “Soyuz” uçan pilotlu gəmilərin istehsalında böyük səy göstərirdi. K. Kərimov bu gəmilərin uçuşu üzrə Dövlət komissiyasının sədri təsdiq olunur. Bu vəzifədə fasiləsiz olaraq 25 il xidmət etmişdir. Akademiklərdən V. P. Qluşko, V. P. Mişin, Y. P. Semyonov onun müavinləri olmuşlar. K. Kərimov ehtiyata çıxdıqdan sonra 1991-ci ildən Kosmik Uçuşların İdarəetmə Mərkəzində məsləhətçi işləmişdir.

 

Kərim Kərimov bir sıra orden və medallarla təltif olunmuşdur. Yerin zondlaşdırılması üçün oriyentirli peykləri yaratdığına görə Lenin, bir sıra beynəlxalq uçuşların müvəffəqiyyətlə həyata keçirilməsinə görə SSRİ Dövlət mükafatına layiq görülmüşdür. Kosmonavtikanın inkişafında böyük rolunu və Azərbaycan Respublikası qarşısında nailiyyətlərini nəzərə alaraq Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə K. Kərimov “Şərəf” Ordeni ilə təltif edilmişdir. Kərim Kərimov “Kosmosa yol” avtobioqrafik kitabın müəllifidir. General-leytenant Kərim Kərimov 29 mart 2003-cü ildə Moskva şəhərində vəfat etmiş və orada da dəfn olunmuşdur.