Yumor

Hüseyn Arif haqqında lətifə

Dostum Hüseyn Arif bir səhər tezdən zəng çaldı.

 

- A qoca, eşitmişəm xəstələnibsən, indi nə təhərsən?

 

- Pis deyiləm, bir az yaxşıyam.

 

- Ayə, o doxdurlara çox qulaq asma, verdikləri dərman-dürmanları da at oyana. Sənin dərdiyin əlacı məndədi.

 

- O nədi elə?

 

- İtburnu, yemişan, bir də təzə şeir.

 

- Onları hardan tapım şəhər yerində?

 

- Qağanda var. İtburnu ilə yemişanı dağlardan aşıqlar gətiriblər. Sarıçiçəklə qantəpər də var. Təzə şeiri də ki özüm yazmışam. Bu saat gəlirəm yanına.

 

Gözlədim. Bir saatdan sonra gəlib çıxdı. Hay-harayla içəri girdi.

 

- Ay Ümidə bacı, qocaya fikir vermirsən, tez-tez xəstələnir.

 

- Neyləyim, başına fırlanmaqdan yorulmuşam, canı mafraqlaşıb .

 

- Elədi. Al bu çiçəkləri, çayını qaynat, ver kişiyə, - deyib yanıma keçdi.

 

- Hə qoca, bu gecə yatmayıb, yaxşı şeirlər yazmışam. Gətirmişəm ilk dəfə sənə oxuyam.

 

- Lap yaxşı eləmisən. Buyur.

 

Əlini o cibinə saldı, bu cibinə saldı, nəsə axtardı və birdən Ümidəni səslədi:

 

- Ay Ümidə bacı, o papkanı mənə ver.

 

- Hansı papkanı, ay Hüseyn?

 

- Bə mənim əlimdə papka yox idi?

 

- Yox.

 

Azacıq fikrə getdi:

 

- Yəqin, maşında qoymuşam.

 

- Bə indi neyləyəcəksən?

 

- Heç nə. Beynimi qurdalayıb təzədən yazacam.