Şeirlər

Alməmməd İsgəndərli. Çingiz olmaq istərəm

Çingiz Mustafayevin xatirəsinə

 


Yuxu getmir gözümə,
Qələm baxmır sözümə.
Bu dünya bir dərd olub,
Çəkir məni dözümə.


Bu arzular, xəyallar
Rahatlıq vermir mənə.
Oğullar şəhid olur,
Qurban gedir vətənə.


İstərəm cəngə girib
Qəhrəmanlıq göstərəm.
Döyüş meydanlarında
Çingiz olmaq istərəm.


Qəlbim yanıb-yaxılsın,
Güllələrdən sıxılsın.
Şəhid olum vətənçün,
Təki vətən sağ olsun.


Şəhidlik uca zirvə,
Xoşbəxtdir ona yetən.
Ey oğullar, yatmayaq,
Bizi çağırır vətən.


Qoy eşitsin, qoy bilsin

Qisas almaq istərəm.
Bu vətən davasında
Çingiz olmaq istərəm.


Rahatlığım olmasın,
Qəlbim sakit qalmasın.
Vətən deyib alışsın,
Heç vaxt təslim olmasın.


Bu dövrana nə deyim,
Çəkib sinəmə dağı,
Düşmən tapdağındadır
Hələ vətən torpağı.
Sakit olmaram bir an,
Mən bu dərdə dözmərəm.


Bu yolda hər bir zaman
Çingiz olmaq istərəm.
Vətən oğlu, oxşa sən
Şahingözlü oğlana.


Qoy şöhrətin yayılsın
Bütün Azərbaycana.
Çingizdən dərs alıban,
Çingiz kimi yaşa sən.


Qoy səninlə fəxr etsin
Doğma anamız vətən.
Tutub üzümü sənə
Təkrar edirəm yenə:
Çingiz olmaq istərəm.
Çingiz olmaq istərəm.